Xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunan dörd nəfər həbs edilib.
İnterpress.az xəbər verir ki, həmin şəxslər bir müddət əvvəl həbs ediliblər.
Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ibtidai istintaqı başa çatdırılmış cinayət işi üzrə toplanmış materiallar Bakı Hərbi Məhkəməsinə daxil olub.
Məlumata görə, xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunan İlkin Qənbərov və Vüsal Ağayev DTX tərəfindən görülmüş tədbirlər nəticəsində saxlanılaraq istintaqa cəlb olunublar. Onlardan Vüsal Ağayev hərbçidir.
DTX tərəfindən davam etdirilən tədbirlər zamanı Tural Alıyev İordaniyada, Məmməd Şərifov isə Türkiyədə ələ keçirilərək Azərbaycana gətiriliblər.
Təqsirləndirilən şəxslərə qarşı AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.
Bu maddənin sanksiyasında 12 ildən 20 ilədək və ya işin hallarından asılı olaraq ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.