Azərbaycanda daha bir neçə rayonun din xadimləri İranın siyasətinə etiraz bəyanatı qəbul ediblərbackend

Azərbaycanda daha bir neçə rayonun din xadimləri İranın siyasətinə etiraz bəyanatı qəbul ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar İranın Azərbaycanın sərhəd ərazilərində keçirdiyi hərbi təlimlər və Ermənistana verdikləri dəstəyə etiraz olaraq ölkəmizin daha bir neçə rayonunda fəaliyyət göstərən din xadimləri bəyanat qəbul ediblər.

Bəyanatı Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarında fəaliyyət göstərən din xadimləri və dini icma sədrləri imzalayıblar.

Qeyd edilib ki, bəyanata səbəb son vaxtlar ölkəmizə qarşı qonşu İrandan səsləndirilən təhdidedici iddia və bəyanatlar, xüsusilə də Azərbaycanla sərhəd boyunca həyata keçirilən hərbi təlimlərin doğurduğu narahatlıqlar olub.

Onlar bəyan ediblər ki, Azərbaycan xalqı və dövləti öz qonşuları ilə sülh, qarşılıqlı anlaşma və hörmət üzərində qurulan münasibətləri vacib sayır və bu istiqamətdə bütün sahələrdə əlaqələri inkişaf etdirmək yönündə xoş məram və əməli addımlar nümayiş etdirir:

“2020-ci il Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın bölgədə sülh və əməkdaşlıq naminə qonşuları ilə siyasi, iqtisadi əlaqələrini inkişaf etdirmək istəyi göz önündədir. Lakin təəssüflər olsun ki, Azərbaycanın xoş niyyətləri nəinki hər zaman lazımi şəkildə qiymətləndirilmir, hətta bəzi dövlətlər və siyasi dairələr tərəfindən aqressiv münasibət, qeyri-konstruktiv mövqe və açıq düşmənçilik meylləri ilə qarşılanır. Bu təəssüfdoğurucu hal qonşu İran dövləti ilə bağlı xüsusi xarakter daşıyır və haqlı narahatlıq doğurur. Azərbaycan dünyəvi, hüquqi-demokratik dövlət olduğundan siyasi, iqtisadi məsələlərə dair mövqenin ifadə olunması dövlət rəsmilərinin vəzifə və məsuliyyətidir. Müsəlman dövləti olduğundan teokratik İranın dini ictimaiyyəti, bir qayda olaraq, siyasi hadisələrə dair şərhlərlə çıxış edir. Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarının din xadimləri və icma sədrləri olaraq dini-mənəvi müstəvidə yaranmış reallıqlara münasibət bildirməyi özümüzə borc bilirik”.

Bəyanatda bildirilib ki, İran ilə Azərbaycanı bir-birinə bağlayan tarixi mənəvi dəyərlər arasında dini amilin xüsusi önəm kəsb etməsi əsrlər ərzində formalaşmış reallıqdır:

“Bu reallıq xalqların bir-birinə daha da yaxınlaşmasına xidmət etməlidir. Dost, qardaş dar gündə tanınar. Təəssüflər olsun ki, Azərbaycanın Qarabağ dərdi həllini tapana qədər, habelə tarixi ədalət öz yerini alandan sonra da İran dövlətinin münaqişə və müharibənin səbəbkarı olan Ermənistana münasibəti birmənalı şəkildə himayədarlıq səciyyəsi daşımışdır. Bu tarix hamımızın yadındadır. Ermənistan Azərbaycan ərazilərini işğalda saxladığı, məscidlərimizi tövləyə çevirərək İslamda haram buyurulan heyvanlarla həqarət etdiyi zamanlarda, müsəlman azərbaycanlı qoca, qadın və uşaqları kütləvi şəkildə qətlə yetirdiyi, Xocalıda soyqırım törətdiyi, milyona yaxın azərbaycanlını öz dədə-baba yurdundan məcburi çıxardığı, qaçqın həyatı yaşamağa məhkum etdiyi, torpaqlarımıza od vurub viran qoyduğu günlərdə İran dövləti bu vandalizm hallarına qarşı öz etirazını bildirmədi, erməni işğalını pisləyən hər hansı qəti bəyanat belə səsləndirmədi. Halbuki, Azərbaycan xalqı qonşu İran İslam Respublikasından bu faktların qınanılmasını, pislənilməsini gözləyirdi. Qarabağda və Qərbi Azərbaycan ərazilərində məscidlərimizi yerlə yeksan edən ermənilər dünyanın gözündə guya məscidlərə qayğı göstərən dövlət imici yaratmaq məqsədilə Şuşadakı Yuxarı Gövhərağa məscidini və İrəvandakı Göy məscidi “bərpa” etdirərkən prosesi həyata keçirən İran şirkətləri məscidlərin azərbaycanlılara məxsusluq mənşəyini dəyişdirərək, əslində, ermənilərin vandal əməllərini malalayıblar. Biz bütün bunlara rəğmən, İranla qonşuluq münasibətlərinin yüksək səviyyədə inkişaf etdirilməsini hər zaman vacib saymış, həm də orada yaşayan milyonlarla soydaşımızın taleyinə biganə qalmamışıq”.

Bəyanatda vurğulanıb ki, Azərbaycan İslam dünyasının ayrılmaz parçası, İslam torpağıdır və bu torpaqların azad olunması yolunda minlərlə azərbaycanlı müsəlman şəhid olub:

“İran bu şəhidləri İslam şəhidi adlandırırdı, indi haqq yolunda canını fəda edənlərin qanına bais olanlara bəraət vermək müsəlman ölkəsinə yaraşarmı? İran dövləti müsəlman qardaşını təhdid edən, əli müsəlman qanına bulaşmış tərəfə silah, hərbi yardım söz verirsə, Ermənistanın təhlükəsizliyini İranın təhlükəsizliyi ilə eyniləşdirirsə, bu, Ermənistanı yenidən müharibəyə cəsarətləndirmək, revanşizmə kökləmək yönündə əməli addımdır və Azərbaycanın dövlət mənafelərinə, xalqımıza birbaşa təhdiddir. Haqlı, ədalətli Vətən mücadiləsində zəfər çalmış Azərbaycan xalqının sevincini bölüşmək əvəzinə Cümə xütbələrində bizə qarşı yeni-yeni böhtanlar, iftiralar yağdıran İranın bəzi imam-cümələrinin fikirləri Azərbaycan dindarlarının əksəriyyəti tərəfindən birmənalı şəkildə mənfi qarşılanır”.

Din xadimləri qeyd ediblər ki, Araz çayı hər iki tayında yaşayan azərbaycanlılar üçün müqəddəsdir. Onun üzərindən yalnız dostluq körpüləri qurula bilər: “Azərbaycan Prezidenti İlham Əliyevin Xudafərin körpüsü üzərində Azərbaycan bayrağını qaldırarkən söylədiyi kimi: “Xudafərin körpüsü Azərbaycan xalqının milli sərvətidir… Xudafərin körpüsü Azərbaycan-İran dostluğunun rəmzidir. Azərbaycan-İran sərhədi dostluq, əməkdaşlıq sərhədidir”. Azərbaycanda din dövlətdən ayrıdır, biz məscidlərimizdə heç bir dövlətə qarşı hər hansı təbliğat aparmır, heç kəsin daxili işlərinə qarışmırıq. Lakin mənəvi həyatımıza qarşı, dövlətçiliyimizə qarşı hər hansı təhdid və qarayaxmaya göz yuma bilmərik. Müqəddəs dinimiz İslam bizə haqqın, ədalətin yanında yer almağı təlqin edir. Azərbaycanın müsəlman dindarları məzhəbindən asılı olmayaraq daim dövlətçiliyimizə sadiqdirlər və dövlət mənafeyini, ölkəmizin suverenliyini qorumaq əzmindədirlər. 44 günlük Vətən müharibəsində dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq bir yumruq kimi öz Ali Baş Komandanı İlham Əliyevin ətrafında birləşmiş Azərbaycan xalqı səfərbər olmağın nadir nümunəsini bütün dünyaya nümayiş etdirib və bunu təkrarlaya bilər. Azərbaycan dindarları hər zaman dövlət rəhbərimizi dəstəkləyirlər”.

Qeyd edək ki, daha əvvəl ölkəmizin Şimal rayonlarında, Qərb rayonlarında və Aran rayonlarında fəaliyyət göstərən din xadimləri bəyanat qəbul ediblər.