Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Bu barədə İnterpress.az-a FHN-dən bildirilib.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 53 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2 nəfər xilas edilib, yanğın zamanı 20 nəfər sakin təhlükəsiz əraziyə təxliyə olunub, 1 nəfər yanıq xəsarəti alıb. Həmçinin, Bakı şəhərinin Qaradağ rayonunda “DAF” markalı yük avtomobili və “Daewoo” markalı minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1983-cü il təvəllüdlü Nəsirov Nicat Fəxrəddin oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.