Cari ilin əvvəlindən ölkə əhalisinin sayı 4282 nəfər və ya 0,04 faiz artaraq 2022-ci il fevral ayının 1-i vəziyyətinə 10 milyon 160 min 648 nəfərə çatıb.
Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 50,0 faizini kişilər, 50,0 faizini isə qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sayı ölkə üzrə 117 nəfər olub.
Bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 10 min 197 doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,0 təşkil etmişdir. Doğulanların 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarıdır. Körpələrdən 290-ı əkiz, 9-u isə üçəm doğulanlardır.
2022-ci ilin yanvar ayı ərzində ölkədə 6009 ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,0 təşkil edib.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk ayında 5475 nikah və 1248 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olub.