Azərbaycan xalqının Kahramanmaraşda zəlzələ nəticəsində zərər çəkmiş vətəndaşlar üçün topladığı humanitar yardım materiallarını daşıyan 20 yük maşını Bakıdan Türkiyəyə yola düşüb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Türkiyədə zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə qeyri-hökumət təşkilatlarının (QHT) təşəbbüsü ilə həyata keçirilən yardım kampaniyaları Azərbaycanda davam edir.
Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı kampaniya çərçivəsində toplanan 20 TIR paltar, ədyal, quru qida və gigiyena materiallarını yola salıb.
Azərbaycan xalqı Türkiyədə zəlzələdən zərər çəkənlərə başlanan yardım kampaniyalarına böyük maraq göstərir. Yardımların toplanması üçün Bakının 2 ən böyük qapalı idman zalı ayrılıb. Burada könüllülərin qablaşdırdığı materiallar yük maşınlarına yüklənir.
Yaxın vaxtlarda Azərbaycandan Türkiyəyə təxminən 200 TIR yardım materialının göndəriləcəyi gözlənilir.