Azəri Türk Qadınlar Birliyinin (ATQB) sədri və Azərbaycan Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlı Azərbaycan xalqını və dünyada yaşayan bütün Türkləri Novruz münasibəti ilə təbrik edib.
İnterpress.az xəbər verir ki, təbrik mətnində deyilir:
“Əziz bacı və qardaşlarım! Hər birinizi Novruz bayramı münasibətilə təbrik edir, hər birinizə cansağlığı, ruzi-bərəkət, Azərbaycanımıza və Türk dünyasına əmin-amanlıq arzulayıram.
Azərbaycanda yaşayan bütün xalqların və Türklərin ilkin dünyagörüşünü özündə yaşadan Novruz – Yeni gün əski inanclarımızı, təbiətə ilkin baxışlarımızı özündə əks etdirir. Bu bayramda sevgi nifrətə qalib gəlir, küsülülər barışır, açılan hər bir süfrənin nemətləri qapını döyən istənilən şəxslə bölüşülür, gələcəyə inam, xoş günlərə güvənc artır.
Qürur və sevinc hissi ilə qeyd etmək istərdim ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti, Azərbaycan Ordusu, bütün Silahlı Qüvvələrimiz 2020-ci ildə tarixi missiyanı yerinə yetirərək Qarabağımızı və Şərqi Zəngəzuru işğaldan azad etdi.
Xalqımız şəhidlər verərək doğma Vətənimizi erməni işğalından azad etdi və Ali Baş Komandanımızın iradəsi ilə Qarabağa qayıtdıq.
Bu əziz gündə Allahdan Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət, onların doğmalarına və yaxınlarına səbir arzulayıram.
Bir daha Azərbaycan xalqını və dünyada yaşayan bütün Türkləri Novruz münasibəti ilə təbrik edir, Vətənimiz, millətimiz üçün xeyirli-uğurlu illər arzulayıram”.