BDU-nun 18 yaşlı tələbəsi rektor Elçin Babayevi aldadaraq mükafat aldı – FOTO – EKSKLÜZİVbackend

BDU-nun 18 yaşlı tələbəsi rektor Elçin Babayevi aldadaraq mükafat aldı – FOTO – EKSKLÜZİV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Dövlət Universitetinin (BDU) bir neçə gün əvvəl itkin düşmüş tələbəsi İlkin Qənbərli rektor Elçin Babayevi də aldadıb.

Bakı Dövlət Universitetinin (BDU) Bakıda bir neçə gün əvvəl itkin düşmüş tələbəsi İlkin Qənbərli barəsində bəzi təfərrüatlar məlum olub.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, İ.Qənbərli özünü idmançı, Yunan-Roma güləşi üzrə Beynəlxalq turnirlərin qalibi kimi təqdim edibmiş.

Hətta ötən il 18 yaşlı İlkin Qənbərli guya həmin il 13-15 fevral tarixində keçirilən Beynəlxalq turnirdə 55 kq çəki dərəcəsində erməni rəqibi Miqran Nazaryanı finalda məğlub edərək turnirin qalibi olduğu barədə yalan məlumat yayıb.

O, özünün 5 qat ölkə çempionu və bir sıra beynəlxalq turnirlərin qalibi olduğu barədə təhsil aldığı universiteti inandırıb.

Amma o itkin düşəndən sonra və onun idmançı olması ilə bağlı yayılan məlumatlar fonunda Güləş Federasiyası məlumat yayıb ki, bu tələbənin federasiyaya heç bir aidiyyəti yoxdur.

Qeyd olunub ki, belə bir idmançının peşəkar səviyyədə heç bir uğuru olmayıb.

Ötən il isə BDU-nun rektoru Elçin Babayev guya Fransanın paytaxtı Parisdə keçirilən Yunan-Roma güləşi üzrə Beynəlxalq turnirin qalibi, Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin birinci kurs tələbəsi İlkin Qənbərli ilə görüşüb.

E.Babayev görüşdə saxta qalibi təbrik edib. Saxta idmançı tələbənin nailiyyətlərini yüksək qiymətləndirərək, Azərbaycan bayrağını dəfələrlə yüksəklərə qaldırdığına görə İlkin Qənbərliyə təşəkkürünü bildirib, ona həm təhsilində, həm də peşəkar idman həyatında yeni uğurlar arzulayıb.

Göstərilən diqqətə görə təşəkkürünü bildirən İlkin Qənbərli turnirdəki rəqiblərindən bəhs edərək, xüsusilə də finalda erməni rəqibini məğlub etdiyinə görə qürurlu və sevincli olduğunu söyləyib.

Sonda rektor Elçin Babayev keçirilməyən beynəlxalq turnirin saxta qalibi İlkin Qənbərlini BDU-nun Fəxri Fərmanı və qiymətli hədiyyələrlə təltif edib.

Bir neçə gün əvvəl Güləş Federasiyasının yaydığı məlumatdan sonra BDU da təkrar məlumat yayaraq, təəssüf hissi ilə qeyd edib ki, İlkin Qənbərli təhsil aldığı müddət ərzində idman karyerası ilə bağlı düzgün olmayan məlumatlar təqdim edib və onun səmimiyyətinə inanılıb.