Bakıda məşhur iş adamı Ceyhun Həsənova məxsus “Beerlin Pub”da müştərini döyərək öldürən mühafizəçi Orxan Şahbazov cinayətin necə baş verdiyini danışıb.
“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, o, istintaqa ifadəsində deyib ki, əvvəlcə Vüqar Mustafayevlə birgə gələn dostunun ayağında corab olmadığı üçün onları obyektə buraxmayıb. Daha sonra isə paba qızsız gəldikləri üçün onları obyektdən kənarlaşdırmağa çalışıb. Nəticədə tərəflər arasında yaranan mübahisə ölümlə nəticələnib.
O.Şahbazov Vüqar Mustafayevi qəsdən öldürmədiyini bildirib:
“Bir ildir “Vətən-N” mühafizə xidmətində işləyirəm. 10 gün olardı ki, xidmətin alay komandiri Emil İsgəndərov məni və Elşən Quliyevi “Beerlin Pub”a işləməyə göndərdi. Hər gün saat 7-dən 12-ə kimi obyektdə mühafizəni təşkil edirdik. Kafenin müdiri mənə demişdi ki, səliqəsiz geyimdə olan, corabsız başmaq geyinən, problem yaratmağa meyilli olan və içəri dolu olduğu halda rezervsiz gələn müştəriləri obyektə buraxmayım. Hadisə günü də Vüqar 2 dostu ilə birlikdə paba gəldi. Dostu Ramil corab geyinməmişdi buna görə də onu içəri buraxmadım. Ramil digər dostu Valehin corabını geyindikdən sonra onları obyektə buraxdım.
Amma 4-5 dəqiqə sonra gördüm ki, mühafizəçi Elşən həmin 3 nəfəri çölə çıxarır. Elşən sakitcə mənə dedi ki, menecer Sevinc xanım deyir ki, Vüqargilin rezerv etdiyi stol başqasına verilib, hazırda boş yer yoxdur. Elşən dedi ki, onlar yanlarında xanım olmadan gəldikləri üçün içəri buraxmayım”.
Fotoda: Ceyhun Həsənov