Bərdədə şirkət direktorunu bıçaqlayan şəxsin cəzası azaldılıbbackend

Bərdədə şirkət direktorunu bıçaqlayan şəxsin cəzası azaldılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Apellyasiya Məhkəməsi Bərdədə dayısını bıçaqlamaqda təqsirləndirilən Orxan Fərəcbəylinin cəzasını azaldıb.

İnterpress.az xəbər verir ki, hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, O.Fərəcbəylinin əməli Cinayət Məcəlləsinin (CM) 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma) maddəsindən həmin Məcəllənin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib.

O, CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 4 ilə endirilib.

Qeyd edək ki, hadisə 2020-ci ilin may ayında Bərdə rayonunun Şərəfli kəndində baş verib.

Kənd sakinləri – Şamil Qasımov və O.Fərəcbəyli arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. O.Fərəcbəyli bıçaqdan istifadə etmək istəyərkən Ş.Qasımovun atası Məzahir Qasımov araya girərək onları aralaşdırmağa çalışıb.

Bu zaman O.Fərəcbəyli dayısı M.Qasımova 3 bıçaq zərbəsi vurub.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O.Fərəcbəyli 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Xatırladaq ki, “Azərtoxum” MMC-nin direktoru M.Qasımov 2005-2010-cu illərdə Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.