Dünyada gündəlik neft hasilatı yanvar ayında 560 min barel artaraq 98,7 milyon barel təşkil edib.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) yanvar hesabatında bildirilir.
Bununla yanaşı, OPEC+ qrupu tərəfindən hasilatı artırmaq razılaşmasının yarımçıq yerinə yetirilməsi nəticəsində dünya bazarına 2021-ci ilin əvvəlindən bu yana 300 milyon barel əksik neft tədarük olduğu da qeyd edilir.
Hesabata görə, OPEC+ qrupunun tətbiq etdiyi məhdudiyyətlər bütövlükdə ləğv edilərsə, 2022-ci ildə dünyada gündəlik neft hasilatı 6,3 milyon barel arta bilər.
Xatırladaq ki, koronavirus pandemiyası üzündən dünya neft bazarında tələbatın kəskin azalmasını nəzərə alaraq OPEC+ qrupu 2020-ci ilin may ayından etibarən hasilatı (2018-ci ilin oktyabrı səvyyəsinə nisbətən) 9,7 milyon barel azaldıb. İqtisadi vəziyyət sabitləşdikcə ixtisar həcmini də azaldan qrup iştirakçıları 2021-ci ilin avqust ayından gündəlik hasilatın həcmini hər ay 400 min barel artırır. Cari ilin sonunadək hasilatın ixtisarına dair bütün öhdəlikləri başa çatdırmaq nəzərdə tutulur.