ABŞ İran, Suriya, Yəmən və bir sıra digər ölkələrin vətəndaşlarına girişi qadağan edəcək.
İnterpress.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Tramp administrasiyası “qırmızı” siyahıda olan ölkələrin: Kuba, İran, Liviya, Şimali Koreya, Somali, Sudan, Suriya, Venesuela və Yəmən vətəndaşlarının ABŞ-yə girişini qadağan etməyi planlaşdırır.
Qeyd olunur ki, Trampın ilk prezidentlik dövründə (2017-2021) yuxarıda adları çəkilən ölkələrdən olan şəxslərin də ABŞ-yə girişi qadağan edilib. Bu dəfə siyahıya Əfqanıstan əlavə oluna bilər.
“Qırmızı” siyahı ilə yanaşı, ölkələrin “narıncı” siyahısı da təqdim ediləcək. Vətəndaşlarının ABŞ-yə girişi müəyyən viza növləri və ölkədə daha qısa qalma müddətləri ilə məhdudlaşdırılacaq.
“Sarı” siyahıda olan ölkələrə ABŞ-nin bir sıra tələblərinə, o cümlədən pasportların verilməsi qaydalarına riayət etməklə və səyahət edənlər haqqında məlumat verməklə vəziyyəti düzəltmək üçün 60 gün vaxt veriləcək. Əks halda, onlar ölkənin “qırmızı” və ya “narıncı” kateqoriyasına yerləşdiriləcəklər.
Xuraman Etibarlı
İnterpress.az