Qubadlı rayonunun Əfəndilər kənd sakini, Azərbaycan diaspor təmsilçisi Cəvahir Əhmədova ölkə başçısı İlham Əliyevə şikayət məktubu ünvanlayıb.
İnterpress.az xəbər verir ki, məktubda Qubadlı rayonu Əfəndilər kəndindəki evlərinin işğal altında olmasına baxmayaraq dağıdılmadığını qeyd edən Cəvahir Əhmədova Qubadlı azad olunduqdan sonra evlərinin sökülməsinə etiraz edib.
Sözügedən məktubu təqdim edirik:
“Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində tarixin ən böyük Zəfərinə imza ataraq işğal altında olan torpaqlarımızı azad etməklə, dünyanın qalib ölkələri siyahısında öz layiqli yerini tutub. Azərbaycan Avropa və Asiya dövlətləri arasında yeganə ölkədir ki, son 40 ildə öz ərazi bütövlüyünü hərbi yolla bərpa edib. Torpaqlarımızın azadlığı uğrunda minlərlə Azərbaycan övladı canını fəda edərək şəhidlik zirvəzinə ucalıb, minlərlə əsgərimiz yaralanıb, sağlamlığını itirib. Bu qələbədən sonra Azərbaycan üçün yeni bir mərhələ başlayıb. Azad olunmuş Qarabağ torpaqlarında genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. Ölkə həmin rayonlardan olan sakinlərin doğma torpaqlarına Böyük Qayıdışını səbirsizliklə gözləyir.
Bu qələbə ilə mənim və həmyerlilərimin 28 illik Qubadlı həsrətinə son qoyulub. Uzun illər Ermənistanın işğalı altında olan Qubadlı rayonu işğaldan azad olunub. Bu qələbə hər bir azərbaycanlı kimi, məni də hədsiz dərəcədə sevindirib.
Qeyd edim ki, 1993-cü il avqustun 31-dək Qubadlı rayonunun Əfəndilər kəndində yaşayıb, müəllimlik etmişəm. Həmin gündən etibarən mənim də taleyimə məcburi köçkünlük düşüb. Ermənilərin işğal dövrü ərzində torpaqlarımızda törətdiyi vəhşilik və barbarlığın həddi-hüdudu olmayıb. Lakin ermənilər işğal dövrü boyunca Qubadlıda bəzi evlərdə yaşadıqları üçün həmin evləri dağıtmayıblar. Qubadlı azad olunduqdan sonra rayona səfər edənlərin çəkdiyi videolarda bizim Əfəndilər kəndindəki evimizdə də ermənilər yaşadığı üçün bu evin salamat qalmasını gördüm. Lakin bu yaxınlarda rayona yenidən səfər edən qohumlarım evimizin dağıdılmış görüntülərini təqdim etdilər. Erməni işğalı dövründə salamat qalmış evimizin dağıdılması kimə lazımdır? Bunu anlaya bilmirəm.
Cənab Prezident!
Sizdən xahiş edirəm, Qubadlıda bu dağıntıları törədənlərin dərhal tapılıb, cəzalandırılması üçün göstəriş verəsiniz. Biz hər gün böyük həyəcanla doğma yurdumuza qayıdışın həyəcanı ilə yaşayarkən, bu əməllərin törədilməsi bizi məyus edir. Ümid edirəm ki, bu əməlləri törədənlər cəzasız qalmayacaq”.