Son günlər sosial şəbəkələrdə özəlləşdirmə çekləri ilə bağlı elanlara sıx rast gəlinir.
Bununla yanaşı, bir sıra ictimai nüfuzlu şəxslər də çeklərlə bağlı öz mövqelərini bildiriblər. Xatırladaq ki, 1996-cı ildə tarixi sosial ədaləti təmin etmək üçün ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq özəlləşdirmə çeki verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Bu çeklərin hər birinin dəyəri eynidir. Özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Hər bir çekin dəyəri isə 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda infilyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib.
Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır. Dövlət özəlləşdirmə çeklərindən daha geniş istifadənin təmin olunması məqsədi ilə onların tədavül müddəti bir neçə dəfə uzadılıb. Mövcud dövrdə isə əlində çekləri qalan 29 min vətəndaş və ailələr haqqlarının geri qaytarılması üçün ölkə başçısı İlham Əliyevə Açıq Məktub ünvanlayıblar.
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov İnterpress.az-a açıqlamasında bildirib ki, özəlləşdirmə çekləri ilə bağlı prosesin vətəndaşların maraqlarını təmin etməsi üçün dövlət tərəfindən ciddi addımlar atılmalıdır. Bu halda vətəndaşlar sahib olduqları çeklərdən yararlana biləcək:
“O vaxtı özəlləşdirmə çekləri ilə bağlı prosesdə böyük alver baş verdi. Nəticədə bir sıra vətəndaşlar əllərində olan çeklərdən yararlana bilmədilər. Yəni, müəllimlər, həkimlər, jurnalistlər – sadə camaat heç bir fayda görmədi. Çeklərdən yalnız müəyyən təbəqə qazancla çıxdı və Sovet dövründən qalmış əmlaklara sahib oldular. Bu tendensiyanın yenidən yaranması cəmiyyətdə mənfi hala səbəb ola bilər. Bu gün özəlləşdirmə çeklərinin yenidən tədavülü ilə bağlı qərar verilərsə, bu halda hökumət və banklar ciddi nəzarət mexanizmi tətbiq etməlidir. Bu fonda müsbət nəticə əldə etmək mümkündür”.
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyi Eyyub Kərimli isə öz növbəsində vurğulayıb ki, özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılması vətəndaşların sosial rifahının daha da yaxşılaşması üçün şans yarada bilər:
“Bildiyiniz kimi, hər il büdcə kəsiri ilə bağlı dövlət özəlləşdirmə proqramına start verilir və müəyyən dövlət müəssisələrinin özəlləşdirilməsi ilə bağlı əlavə vəsaitin cəlb olunması üçün şərait yaradılır. Bu fonda özəlləşdirmə çekləri ilə bağlı məsələdə dəyişiklik olunmalıdır. Belə ki, əlində özəlləşdirmə çeki qalan hər bir vətəndaş öz payından istifadə etməlidir. Bu, insanların hazırda gedən özəlləşdirmə prosesində yenidən iştirakını təmin edəcək. Digər tərəfdən isə vətəndaşların maddi rifahına müsbət təsir edəcək. Özəlləşdirmə çeklərinin nominal dəyəri hər kəsə məlumdur. Bu çeklərin nominal dəyəri yenidən hesablanmalı və vətəndaşın özəlləşdirmə prosesində iştirakı müvafiq dəyərə uyğun təyin edilməlidir. Qiymətli kağızlar birjasında da özəlləşdirmə çeklərinin tədavülünə şərait yaardılması daha yaxşı olar. Nəticədə əlindəki çekdən istifadə edə bilməyən vətəndaşlara yenidən şans imkanları yaradıla bilər”.