Ermənistanda vəziyyət həqiqətən gərgin olaraq qalır və bəzən kənardan müşahidə edən vəziyyətin hər an məcrasından çıxa biləcəyi, yəni Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün kütləvi hərəkatın başlayacağı təəssüratı yaranır. Amma qeyd etməliyəm ki, Ermənistan və Paşinyan hakimiyyəti əvvəllər indiki vəziyyətdən daha ciddi qarşıdurma ilə rastlaşıb və bu qarşıdurmalardan çox güclü və qalib kimi çıxıb.
Bu fikirləri Ermənistandakı hazırkı prosesləri, Azərbaycanla deimitasiyaya və 4 kəndin qaytarılmasına qarşı keçirilən etirazların Paşinyan hakimiyyətinin mövcudluğunu təhdid etməsini şərh edən politoloq Əlimusa İbrahimov İnterpress.az-a açıqlamasında bildirib.
Politoloqun sözlərinə görə, Ermənistanda hazırda baş verənlər baş nazir Nikol Paşinyan hakimiyyətini devirmək gücündə deyil.
“İndiki halda etiraz dalğalarının Paşinyanı devirmək qüdrətinə malik ola biləcəyi sual altındadır. Çünki Paşinyan hakimiyyəti üçün təhlükə hiss etsəydi, nəzərdə tutduğu addımları – Azərbaycan və Türkiyə ilə yaxınlaşmaq təşəbbüslərini yarıda saxlayar, pauza verərdi. Amma biz bunun əksini görürürk.
Yəni Paşinyan siyasi sahədə müxalifətdən daha irəlidə – hücumda hərəkət edir. Bu onu göstərir ki, baş nazir atdığı addımları ölçüb-biçir və indiki halda onun hakimiyyətinə ciddi təhlükə yoxdur.
Digər tərəfdən o, narazı qalan kütlənin əksər hissəsini neytrallaşdıra bilib. Yəni erməni seqmentinin iddia etdiyi kimi, Qarabağdan köçüb gələnlər həm daxili resurslar hesabına, həm də xaricdən gələn yardımlar vasitəsi ilə istədikləri səviyyədə təmin olunublar. Ermənistan daxilində Qarabağdan gələnlərdən daha radikal müxalifətin olması mümkün deyil.
Bu radikal ordu bildiyimiz kimi Paşinyana qarşı mübarizədə demək olar ki, görünmür. Yəni Qarabağdan Ermənistana köçmüş erməni klanı nəzərdə tutduqları kimi Qarabağın erməni əhalisindən baş nazirə qarşı istədikləri səviyyədə istifadə edə bilmədilər. Və yaxud Paşinyan təhlükəni hiss edərək preventiv tədbirlər görə bilib: onları yaşayış vasitələri və ərzaqla təmin etdi və üstəlik xaricə çıxıb getmələri üçün Ermənistan şəraitində çox böyük məbləğ olan vəsait verdi.
Belə olan surətdə indi küçələrə çıxanlar Serj-Robik cütlüyünün küçəyə çıxarmağa nail olduqları muzdlu mitinqçilərdir ki, onlardan da hakimiyyətə ciddi təhlükə yoxdur”, – politoloq vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az