Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyasına etirazlar səngimir.
İnterpress.az xəbər verir ki, Ermənistandakı iğtişaşların həqiqətən kimə sərfəli olduğunu tanınmış erməni bloger və jurnalist Roman Baqdasaryan TRT-yə müsahibəsində bildirib.
Aprelin 19-da Bakı və İrəvan Tavuş rayonu ilə Qazax rayonu arasında sərhəddə yerləşən dörd kəndin delimitasiyasına başlamaq barədə razılığa gəlib. Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, “Ermənistan və Azərbaycan ilk dəfə olaraq məsələni danışıqlar masası arxasında həll ediblər”. Artıq aprelin 25-də ölkələr koordinatların dəqiqləşdirilməsi çərçivəsində 20 sərhəd sütunu quraşdırıblar. Mayın 15-dək sərhədin ətraflı təsviri tərtib edilməlidir.
Hazırda Ermənistan tərəfi dövlət sərhədinin qeyd olunan kənddə yerləşən hissəsində minalardan təmizləmə işləri aparır. Yerli sakinlər bu torpaqların Azərbaycana verilməsinin əleyhinədirlər. Onlar ölkəni Gürcüstanla birləşdirən yolu bağlayır və təhlükəsizlik qüvvələrinin bu ərazilərdə minalardan təmizlənməsinə mane olurlar.
TRT rus dilində İrəvandan olan məşhur bloger və jurnalist Roman Baqdasaryanla Ermənistanda baş verən proseslər və etirazçıların sülh prosesini pozmaq cəhdləri barədə danışıb.
Həmin müsahibəni təqdim edirik:
– Etirazlar daha geniş miqyas ala bilərmi?
– Mən buna şübhə edirəm. Fakt budur ki, Ermənistanda yaşayan bütün ağlı başında olan insanlar sərhədlərin delimitasiyası və demarkasiyası zərurətini anlayır və müvafiq olaraq bu prosesi dəstəkləyirlər. Ermənistanın baş naziri Nikol Paşinyan da sülh müqaviləsinin bağlanması üçün sərhədin razılaşdırılmasının vacibliyini qeyd edib. Bu səbəblərdən də etirazlar vüsət ala bilmir.
– Bəs niyə davam edirlər?
— İndiki etirazları daşnaklar, rus agentləri və erməni xalqına qətl və təqibdən başqa heç nə təklif edə bilməyən Robert Koçaryan (Ermənistanın eks-prezidenti – red.) təşkil edir. Ermənistan bunu çox gözəl anlayır, ona görə də daha kütləvi etirazlar ola bilməz. Lakin bu partiyaların təxribatlarının artması tamamilə mümkündür.
– Müxalifət hansı alternativ təklif edir?
— Demarkasiya və delimitasiyaya alternativ yoxdur və ola da bilməz. Bunsuz hər hansı ümumi razılığa gəlmək mümkün olmayacaq. Bu prosesin əleyhdarları ölkənin gələcəyinə biganə yanaşır, başqa variantlar təklif etmir və vəziyyəti sabitləşdirmək üçün hər hansı bəhanə gətirirlər.
– Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Almatıda danışıqlar aparmaq qərarını alqışlayıb. Danışıqlar prosesindən nə gözləmək lazımdır?
— Qazaxıstandakı görüş artıq aparılan danışıqların davamıdır. Buna görə yeni bir şey adlandıra bilmərik. Biz ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Avropada müzakirə zamanı artıq qeydə alınmış mövzuların müzakirəsinin davamını gözləməliyik. Mən bunu danışıqlar prosesinin yeni erası adlandırmazdım.
Xuraman Etibarlı
İnterpress.az