Hərbi Prokurorluq Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Şuşada tədbir keçirib.
Bu barədə Hərbi Prokurorluqdan “Report”a məlumat verilib.
Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxslərinin, yüksək rütbəli hərbçilərin və ərazi hərbi prokurorlarının iştirakı ilə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi qulluqçularla keçirilən tədbirdən əvvəl Heydər Əliyevin və bütün şəhidlərin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin salamları şəxsi heyətə çatdırılıb.
Hərbi prokurorun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev, Hərbi Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi, ədliyyə polkovniki Emil Kərimov, Füzuli hərbi prokuroru, ədliyyə polkovniki Elçin Hacıyev, polkovnik Ruslan Ağasıyev və digər çıxışçılar müstəqillik yolumuzu və firavan istiqbalımızı nurlandıran, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan dahi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, dövlətimizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.
Çıxışçılar eyni zamanda Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il ərzində ölkəmizdə görülmüş misilsiz işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş müstəsna uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşmasından, bu uğurların qazanılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyindən və xalqın müdrikliyindən danışıblar.
Tədbirdə həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Qələbə və uğurlu antiterror tədbirləri xüsusi vurğulanmaqla, Vətən müharibəsindən, o dövrlərdə prokurorluğun, həmçinin Hərbi Prokurorluğun Silahlı Qüvvələrlə, eləcə də aidiyyəti rayonların rəhbərlikləri ilə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib, iftixar dolu günlərin unudulmaz təəssüratları xatırlanıb.
Sonra hərbi qulluqçuların qayğı və problemləri ilə maraqlanılıb, onlarla hüquqi maarifləndirici mövzularda söhbətlər aparılıb. Ulu Öndər Heydər Əliyevin yüzillik yubileyi münasibətilə Hərbi Prokurorluq tərəfindən keçirilən silsilə tədbirlər davam etdirilir.