İsrail və HƏMAS arasında qarşıdurmalarda “humanitar fasilə” üçün əldə edilən razılaşma çərçivəsində dünən Qəzza zolağına yardım daşıyan 150 yük maşınının daxil olduğu bildirilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Misir və Qəzza zolağı arasındakı Rəfah Sərhəd Qapısının media müdiri Vail Əbu Muhsin deyib ki, dünən 4-ü balon qaz və 3-ü yanacaq olmaqla humanitar yardım daşıyan 150 yük maşını Qəzzaya girib.
Əbu Muhsin bildirib ki, humanitar yardım axını davam edəcək.
İsrail və HƏMAS arasındakı münaqişələrdə 4 günlük “humanitar fasilə” ilə bağlı razılaşma noyabrın 24-ü cümə günü saat 07:00-da (Türkiyə vaxtı ilə 08:00) qüvvəyə minib.
Razılaşmaya əsasən, HƏMAS-ın saxladığı 50 israilli məhbusun əvəzində İsrail həbsxanalarında olan 150 fələstinli azad ediləcək. Azad ediləcək əsirlər arasında hər iki tərəfdən qadın və uşaqlar da var.
Həmas elan etmişdi ki, “humanitar fasilə” Qəzzanın bütün bölgələrinə çatdırılacaq 200 yardım maşını və 4 yanacaq tankerinin gündəlik girişini əhatə edir.