Azərbaycan-Türkiyə Evinin və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni Təqvim İli münasibətilə soydaşlarımızı təbrik edib.
İnterpress.az xəbər verir ki, təbrikdə deyilir:
Əziz həmvətənlər! Hörmətli soydaşlar!
Sizi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni Təqvim İli münasibətilə ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.
31 dekabr 1989-cu ildə Araz çayı boyunca uzanan və bizi cənublu soydaşlarımızdan ayıran tikanlı məftillərin sökülməsi 88-ci ildə başlayan xalq hərəkatının gedişində mühüm mərhələ oldu və xalqımızın birlik rəmzinə çevrildi. İndi həmin gün istər Quzeyli, istər Güneyli, istərsə də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız arasında həmrəylik günü kimi qeyd edilir. Məhz bundan sonra siyasi və sosial- iqtisadi səbəblərdən dünyanın müxtəlif ölkələrində yaşamağa məcbur olmuş həmvətənlərimizin ümumi ideallarımız naminə fəaliyyətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoydu.
Azərbaycan xalqının birlik və həmrəyliyinin təntənəsi isə ötən il 44 günlük Vətən Müharibəsində dünyaya nümayiş olundu.Vətən müharibəsi milli birlik və bərabərliyin önəmini və gücünü aydın şəkildə göstərdi. Torpaqlarımızı işğaldan azad edən qəhrəman əsgərimiz bütün xalqımızın, Güney Azərbaycan başda olmaqla bütün soydaşlarımızın dəstəyini hiss edir, milli iradəyə arxalanırdı. 50 milyonluq Azərbaycan xalqının rəhbəri olan Cənab Prezident bu günlərdə Ali Baş Komandan kimi tariximizə qalib sərkərdə imzasını atdı. Üçüncü ildir ki, Dünya Azərbaycanlıları bayramı ürəklə və qürurla qarşılayır.
Bu bayram günlərində Azərbaycanın bütövlüyü uğrunda canından keçən, müqəddəs üçrəngli bayrağımızı enməyə qoymayan şəhidlərimizi, milli məfkurə və dövlət adamlarımızı sayğıyla anırıq. Onların bizə miras qoyduğu Vətənə və hədəflərə sahiblənməli, mücadilə əzmimizə, milli birliyimizə kölgə düşməsinə imkan verməməliyik! Biz azərbaycanlıların dünyada yeganə dövləti olan Azərbaycan Respublikasının mövcudluğundan qürur duymalı, dövlətin əsaslarının möhkəmlənməsi, iqtisadi-siyasi qüdrətinin artması, dövlətimizin harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının arxası, dayağı olması üçün çalışmalı və Azərbaycanımızı dünya dövlətləri ailəsində millətimizin layiq olduğu yerə qaldırmalıyıq.
Əziz həmvətənlər! Hörmətli soydaşlar!
Sizi bir daha Milli Həmrəylik Günü və Yeni il münasibətlə təbrik edir, 2024-ci ilin millətimizə, dövlətimizə, xalqımıza xeyirli, uğurlu olmasını diləyirəm. Azərbaycanın bütöv və qüdrətli bir dövlətə çevrilməsində Allah yardımçımız olsun.
Tənzilə Rüstəmxanlı
Azərbaycan Türk Qadınlar Birliyinin və Azərbaycan-Türkiyə Evinin sədri