İran prezidentinin Çinə səfəri: “Tehran Çin üçün etibarlı tərəfdaş deyil”backend

İran prezidentinin Çinə səfəri: “Tehran Çin üçün etibarlı tərəfdaş deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çinlə İranı “Bir kəmər, bir yol” təşəbbüsü, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsindəki iqtisadi aspektlər tərəzinin eyni gözündə qərarlaşdırır”.

Bu sözləri İran Prezidenti İbrahim Rəisinin Çinə ilk səfərini şərh edən siyasi şərhçi Aqşin Kərimov İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, görüşün qapalı hissəsində nələr danışılacağını müəyyən etmək üçün Çin-İran münasibətlərinin təbiətinə, qlobal miqyasdakı proseslərə, onların regionlara təsirlərinə nəzər yetirmək lazımdır. İbrahim Rəisi əlaqələrdə yarımçıqlıq kompleksinə düçar olmuş səhifələri açmaq üçün Pekinə gedir, məqsəd İranın düşdüyü iqtisadi durumdan, beynəlxalq təcriddən xilas yolları axtarmaqdır:

“İranda prezidentlik institutu iqtisadi münasibətlərin tənzimlənməsi meyarları ilə fəaliyyət göstərir və bu, Tehranın strateji əlini gücləndirə biləcək faktorlara çevrilməlidir.
İranla Çinin 2021-ci ilin martında imzaladıqları, Pekinin 25 il müddətində İrana 400 milyard dollar qoyacağı sərmayənin konturlarını müəyyən edən sənədin icrası Tehran üçün hava-su kimi vacibdir. Düzdür, bu sənədə əsasən, İran 400 milyard dollarlıq nəhəng sərmayənin müqabilində Çinə ucuz neft satacaq, lakin beynəlxalq oyun qaydalarının Ukraynadakı müharibədən sonra dəyişməsi razılaşmanı axsada biləcək səviyyəyə enir. İran bu razılaşmaların icrasının qarşısında dayanan qıfıllara açar salmaq üçün Pekindən zəmanətlər istəyir. Ancaq Çin İrana təhlükəsizlik zəmanətləri deyil, iqtisadi səviyyədə qarantiyalar təqdim edə bilər. Ümumilikdə formul belə qurulub ki, qarşılıqlı maraqlar nüfuz dairələrindən pay verilməsi ilə nəticələnsin. İran atdığı daşı ABŞ-nin başına salmaq istəyir, o mənada ki, Yaxın Şərqdə Pekin-Tehran əməkdaşlıq formatı Vaşinqtonun strateji maraqlarını baltalasın. Ancaq Çinin siyasətində hansısa dövlətin mühafizə edilməsi prinsipləri dayanmır, ona görə də Tehran strateji təhlükəsizlik məsələlərində Pekinə bel bağlaya bilməz.
İran da Çin üçün etibarlı tərəfdaş deyil, ona görə də deyə bilərik ki, iki ölkənin strateji tərəfdaşlıq modelindəki təhlükəsizlik çalarları dekorativ bəzəyə oxşayır.

Çinlə İranı “Bir kəmər, bir yol” təşəbbüsü, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsindəki iqtisadi aspektlər də tərəzinin eyni gözündə qərarlaşdırır. Məsələnin bu tərəfi Çinin dəstəklədiyi Zəngəzur layihəsi üzrə də siyasi-iqtisadi parametrlərin danışıqlar stolunda bərqərar olmasını labüd edir. Çünki Çin Zəngəzur dəhlizi layihəsini həm “Bir kəmər, bir yol” təşəbbüsünün, həm də “Şərq-Qərb” beynəlxalq dəhlizinin tərkib hissəsində görür. İran isə Zəngəzur dəhlizinin geostrateji maraqlar baxımından özünə təhdid yaratdığını düşünür, hərçənd ki, iqtisadi aspektlər üzrə elə də dərin mübahisələr yoxdur. İstənilən halda İranın Zəngəzur dəhlizi ilə bağlı tutumu Çini narahat edə biləcək səviyyədədir və mümkündür ki, Cinpin Rəisiyə ölkəsinin dəstəklədiyi layihəyə maneə yaratmaması üçün fikirlər aşılasın”.