İsmayıllıda şəhidin xatirəsinə inşa edilmiş bulağın açılışı oldu – FOTObackend

İsmayıllıda şəhidin xatirəsinə inşa edilmiş bulağın açılışı oldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Tovuz döyüşlərində şəhid olan Xəyyam Daşdəmirovun ad günündə xatirəsinə inşa edilmiş bulağın açılışı olub.
İnterpress.az xəbər verir ki, əvvəlcə şəhidin İsmayıllı rayonunun Balik kəndindəki məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunulub.
Sonra şəhidin xatirəsinə inşa edilmiş bulağın açılış mərasimi keçirilib. Mərasimdə RİH-in məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin əməkdaşları, şəhid ailələri,  ictimaiyyət nümayəndələri iştirak edib.
Mərasimdə Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər düşmənin növbəti irimiqyaslı hərbi təxribatının qarşısını alan, onların müxtəlif hərbi obyektlərini, xeyli döyüş texnikasını və canlı qüvvəsini məhv edən rəşadətli Azərbaycan əsgər və zabitinin qəhrəmanlığından söz açıb, iyul döyüşlərini 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərə aparan yol kimi xarakterizə ediblər. Tovuz döyüşlərində vətənin müdafiəsi uğrunda canından keçən Xəyyam Daşdəmirovun və digər şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim dərin ehtiramla yad edildiyini, onların qanlarının yerdə qalmadığını bildirərək bütün şəhidlərimizə rəhmət və qazilərimizə şəfa diləyib, bulağın inşa edilməsində əməyi keçən hər kəsə öz təşəkkürünü bildiriblər. Milli bayramımız olan Novruzun ilk müjdəçisi-Su çərşənbəsində şəhid bulağının istifadəyə verilməsinin xüsusi rəmzi məna daşıdığını qeyd ediblər.
Balik kənd ümumi orta məktəbinin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Qeyd edək ki, Tovuz döyüşləri şəhidi Xəyyam Daşdəmirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.