İsveçdə Quranın yandırılmasına sözardı: Türkiyəni təxribata çəkmək istədilərbackend

İsveçdə Quranın yandırılmasına sözardı: Türkiyəni təxribata çəkmək istədilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamenti İsveçin paytaxtı Stokholmda Türkiyə səfirliyinin qarşısında müsəlmanların müqəddəs kitabı olan Quranın yandırılmasını Türkiyə-İsveç münasibətlərinə xələl gətirilməsi, eyni zamanda İsveç və Finlandiyanın NATO-ya daxil olmasına əngəl yaradılması prizmasından şərh edib.

Qurumun sözçüsü Ned Prays deyib ki, bu addım iki dövlətin arasını vurmağa hesablanıb. Onun fikrincə, təxribatçı İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı davam edən danışıqları qəsdən çətinləşdirməyə can atıb.

Quranın yandırılması ciddi narazılıqlara səbəb oldu. Nəinki Türkiyə rəsmiləri, hətta digər dövlətlər də sözügedən addımı pislədilər və bunu etiqad azadlığının pozulması kimi qiymətləndirdilər.

İsveçdə Quranın yandırılması, özü də bunun nümayişkəranə şəkildə edilməsi təsadüfi ola bilməzdi. Fikrimcə, bu, birbaşa olaraq sabotaj cəhdi idi.

Bir çox Qərb ölkələrində, o cümlədən də İsveçdə hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın mayda keçiriləcək seçkilərdə qalib gəlməsini istəməyənlər var. Düşünürəm ki, Quranın yandırılması ilə Ankaranı oxşar addımı atmağa, xristianların müqəddəs kitabı olan İncilin yandırılmasına sövq etmək istəyə bilərdilər. Belə olardısa, dünyanın böyük bir hissəsi hakim AK parti iqtidarına qarşı çıxacaqdı. Həmçinin Qərb dövlətlərinin maraqlarına uyğun olaraq Rusiya – Türkiyə münasibətləri pozula bilərdi. Amma Türkiyə buna getmədi, soyuqqanlı davrandı.

Əlbəttə, N. Praysın səsləndirdiyi ehtimal da mümkündür. Amma bu, daha az ağlabatandır. Çünki Stokholmla Ankaranın münasibətləri indi o qədər isti deyil ki, bu əlaqələrə zərbə vurmaq lazım gəlsin. Həmçinin İsveç və Finlandiyanın hazırkı mərhələdə Alyansa üzvlüyü real görünmür. Çünki Ankaranın həmin dövlətlər qarşısında qoyduğu şərtlər yerinə yetirilmir, Madrid razılaşmasına zidd olaraq terrorçular hələ də dəstəklənir. Deməli, indiki mərhələdə tərəflər arasında münasibətləri pisləşdirmək üçün belə riskli bir addım atmaq ağıllı düşüncənin məhsulu deyil. Və əgər söhbət İsveçin dövlət maraqlarına zərbə vurmaqdan gedirsə, onda həmin təxribatçı addımı atan şəxs axtarışa verilməli, haqqında cinayət işi açılmalıdır.

Bütün hallarda cinayət cəzasız qalmamalıdır. Gələcəkdə oxşar təxribatların təkrarlanması gözləniləndir. Ayrı – ayrı hakimiyyətlər Türkiyə və türk dünyası ilə münasibətlərin korlanmasını istəmirsə, bu cür məsələlərə həssas yanaşmalı, dindən siyasi alət kimi istifadə etməməlidirlər.

Kənan Novruzov
İnterpress.az