Kadırovun yaxın dostu, silahdaşı Dövlət Dumasının vitse-spikerini hədələyib.
İnterpress.az xəbər verir ki, Çeçenistan lideri Ramzan Kadırovun yaxın dostu, döyüş yoldaşı, Rusiya ordusu adından Ukraynada müharibədə iştirak edən Dövlət Dumasının deputatı Adam Delimxanov məktəblərdə və ictimai yerlərdə üzü örtən dini geyimlərin geyinilməsini qadağan edən qanun layihəsini tənqid edib.
Mayın 28-də Dövlət Dumasının vitse-spikeri Vladislav Davankov ictimai yerlərdə üzü tamamilə və ya qismən gizlədən dini və digər geyimlərin geyinilməsini, xüsusi olaraq hicaba qadağa tətbiq etmək hüququ ilə bağlı qanun layihəsini təqdim edib.
Təşəbbüs niqab taxmağın qadağan edilməsi zərurəti ilə bağlı Krokusda terror aktından sonra başlayan müzakirələr fonunda ortaya çıxıb. Bu təşəbbüsü Dövlət Dumasının Çeçenistandan olan nümayəndəsi Adam Delimxanov tənqid edib.
“Təbii ki, biz bu qanun layihəsini dəstəkləməyəcəyik. Mən Davankova niqabla hicabın fərqini izah etmək istəyirəm. Niqab üzü örtən qadın geyimidir, lakin hicaba gəlincə, bu, müsəlman qadının dini öhdəliyidir. Davankov kiməsə onun dini göstərişlərinə əməl etməyi qadağan etmək istəyirsə, o, dini etiqad azadlığına zəmanət verən Rusiya Konstitusiyasına birbaşa ziddir”, – Delimxanov bildirib.
Deputat bu təşəbbüsün “cəmiyyətdə parçalanmaya səbəb ola biləcəyini”, pravoslavlıqda isə “qadın Allaha məhəbbət, qadınlıq və təvazökarlıq simvolu kimi hicab taxmalıdır” deyib.
“Əgər Davankov və ya başqası ənənəvi dini dəyərlərin və adətlərin nə olduğunu başa düşmürsə, biz bunu ona və başqalarına açıq şəkildə izah edəcəyik”, – o, sosial şəbəkələrdə yazıb.
Xuraman Etibarlı
İnterpress.az