“Liverpul”un baş məşqçisi Yurgen Klopp komandasının İngiltərə Premyer Liqasının XXIII turunun matçında “Everton”u yenməsindən sonra klubu tərk etmək fikrində olmadığını açıqlayıb.
Bu barədə almaniyalı mütəxəssisin fikirlərini “Sky Sports” dərc edib.
“Mən getməyəcəyəm. Mən bunu edə bilmərəm. Mənim həddən artıq məsuliyyətim var və burada işləmək istəyirəm. İndi çətin vaxtlardır. Ancaq indi biz “Liverpul”un digər klublarla müqayisədə əsas özəlliyinin nə olduğunu göstərə bilərik. Əgər azarkeşlər mənə inansalar, o zaman biz birlikdə bunun öhdəsindən gələ bilərik və gözəl günlər yenidən gələcək”, – “qırmızılar”ın çalışdıranı vurğulayıb.
Xatırladaq ki, İngiltərə Premyer Liqasının XXIII turunun yekun matçında “Liverpul” Mersisayd derbisindən qalib ayrılaraq turnirdəki uğursuzluq seriyasına son qoyub.