“Bu gün xəstəxanalarda yatan xəstələrin əksəriyyəti vaksin vurdurmayan şəxslərdir”.
Artıq uzun zamandır ki, dünyada koronavirus infeksiyası tüğyan edir. Virusla mübarizənin aparılmasına baxmayaraq, zamanla “COVİD-19″un yeni ştammları da meydana çıxıb. Belə ki, dünyanın bir sıra ölkələrində virusun “Böyük Britaniya”, “Cənubi Afrika”, “Braziliya”, “Hindistan”, “Lambda” və “Delta” adlı ştammları mövcuddur. Bu ştammlardan ölkəmizdə yayılan isə “Delta” ştammıdır. Bu, onu deməyə əsas verir ki, Azərbaycanda digər ştammlar da yayıla bilər.
Mövzu ilə bağlı Azərbaycan Tibb Universitetinin pulmonoloq-terapevti Günel Sadıqova İnterpress.az-a açıqlamasında bildirib ki, virusla mübarizədə ilkin addım vaksinasiyadır:
“Çünki vaksin vurduran şəxslərdə virusa yoluxma ehtimalı vaksin vurdurmamış insanlarla müqayisədə çox aşağıdır. Həmçinin vaksin vurduran şəxslər virusa yoluxarsa, ölüm halı kifayət qədər aşağı olur. Bu gün xəstəxanalarda yatan xəstələrin əksəriyyəti vaksin vurdurmayan şəxslərdir. Mutasiyaya isə bir sıra amillər təsir edir. Virus çoxaldıqca, genetik kodlamada səhvlərə yol verilir. Nəticədə yaranan mutasiyalardan zəif olanlar yox olaraq aradan çıxır, güclü olanlar isə daha da çoxalır və yeni variantlar yaranır. Yeni variantların yayılma surəti daha yüksəkdir. Yeni ştammların yaranmasının qarşısını almaq üçün vaksinasiya prosesindən əlavə, tətbiq olunan qaydalara əməl etmək vacibdir. Buna sosial məsafənin qorunması, maskadan istifadə edilməsi, gigiyenik qaydalara əməl edilməsi və qapalı məkanların tez-tez havalandırılması daxildir. Vaksinasiya prosesinin sürətləndirilməsi və Məhərrəm ayı ilə əlaqədar toy mərasimlərinə fasilə verilməsi fonunda qapanmaların olmaması mümkündür. Çünki sentyabr ayının 1-dən COVİD-19 pasportu tələb olunacaq və buna görə hər kəs vaksin vurdurmağa cana tacaq”.
Gülşən
İnterpress.az