Kreml xarici jurnalistlərin 9 may hərbi paradına akkreditasiyasını ləğv edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Doyçe Presse-agentur” (DPA) məlumat yayıb.
Kreml DPA-ya verdiyi açıqlamada bildirib ki, Qırmızı meydanda keçiriləcək paradda yalnız seçilmiş bəzi Rusiya kütləvi informasiya vasitələri (KİV) iştirak edə biləcək.
Akkreditasiyası ləğv edilən “Der Spiegel” nəşrinə verilən məlumatda isə adı açıqlanmayan bir rəsmi şəxs bildirib ki, “yaranmış vəziyyətlə bağlı paradın işıqlandırılması formatı dəyişdirilib”.
Xatırladaq ki, Rusiya Prezident Administrasiyası daha əvvəl Qərb jurnalistlərinin akkreditasiyasını təsdiqləmiş və hətta tədbirin yazılı planını da göndərmişdi.
Ötən il beynəlxalq mətbuat nümayəndələri paradda iştirak etmişdilər.
Rusiyanın Ukrayna tərəfindən PUA hücumlarından ehtiyatlandığı üçün paradın miqyasını kiçiltdiyi bildirilir.
2007-ci ildən bəri ilk dəfə olaraq Qırmızı meydanda hərbi texnika nümayiş olunmayacaq. Moskva bu qərarı “əməliyyat şəraiti” ilə əlaqələndirib.
Rusiya rəsmiləri paradın təhlükəsizlik tədbirlərinin maksimum səviyyəyə çatdırıldığını vurğulayıblar.
Xuraman Etibarlı
İnterpress.az






