MEDİA və ADA Universitetinin təşkilatçılığı ilə gənc jurnalistlər üçün keçirilən seminarlar yekunlaşıbbackend

MEDİA və ADA Universitetinin təşkilatçılığı ilə gənc jurnalistlər üçün keçirilən seminarlar yekunlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) və ADA Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə “New Media” gənc jurnalistlər üçün nəzəri və praktiki biliklər üzrə keçirilən seminarlar dekabrın 23-də yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, noyabrın 29-da başlamış seminarların bağlanış tədbirində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, ADA Universitetinin İctimai və Beynəlxalq münasibətlər məktəbinin müəllimi Şəfəq Mehrəliyeva, ADA Universiteti Fondunun prezidenti və ADA Universitetinin təlimçisi Natiq Hacıyev, ADA Universitetinin prorektor müavini Aygün Hacıyeva, gənc jurnalistlər və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADA Universitetinin prorektor müavini Aygün Hacıyeva bildirib ki, bu seminarlar İxtisasartırma Proqramları tarixində bir ilkdir. Belə ki, adətən diplomatlar, dövlət qulluqçuları və təcrübəli peşəkarlar üçün proqramlar təqdim edən İxtisasartırma Proqramları ilk dəfədir bilavasitə tələbələr üçün silsilə seminarlar keçirərək onlara sertifikat verib.
Bildirilib ki, seminarlar 3 həftə ərzində öz sahəsində peşəkarlığı ilə seçilən 18 ekspert tərəfindən tədris edilib. İlk həftə ərzində müasir media mühiti, jurnalist dəyərləri, məsləyin etik və peşəkar yanaşmaları, ikinci həftə ölkəmizin tarixi, geosiyasi mövqeyi və enerji məsələlərini əhatə edən mövzular tədris olunub. Sonuncu həftənin tədris proqramı isə ünsiyyət bacarıqları, protokol və etiket, vaxtın və stresin idarə olunması mövzularına həsr edilib.
Sonra çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “New Media” proqramının ilk məzunlarına uğurlar arzulayıb, onlara bacarıqlarını daim inkişaf etdirməyi tövsiyə edib. Qeyd olunub ki, seminar iştirakçıları ilk MEDİA könüllülərindən ibarət gənclərdir. Ə. İsmayılov əlavə edib ki, “New Media” proqramının təşkilində əsas məqsəd qlobal miqyasda baş verən prosesləri lazımi qaydada işıqlandırmağı bacaran gənc və peşəkar jurnalist kadrlar yetişdirməkdir.
Daha sonra iştirakçılar tərəfindən hazırlanan “İnformasiya müharibəsinin Ali Baş Komandanı” filmi nümayişi etdirilib.
Filmdə iştirakçıların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 44 günlük müharibə zamanı xarici media nümayəndələrinə verdiyi müsahibələrlə bağlı müşahidə və təhlilləri əksini tapıb.
Sonda “New Media” gənc jurnalistlər üçün nəzəri və praktiki biliklər üzrə seminarlar silsiləsinin başa çatması münasibətilə ADA Universitetində məzun günü keçirilib, iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “Yeni qabiliyyətlər, həmin dəyərlər” mövzusunda keçirilən silsilə seminarlarda Media İnkişafı Agentliyinin “MEDİA Könüllüləri” proqramının fəalları arasından seçilən 17 namizəd müasir media mühiti, jurnalist dəyərləri, peşə etikası və davranış qaydaları, o cümlədən Azərbaycana dair fundamental mövzular (“Azərbaycan – Ermənistan münasibətlərinin keçmişi, gələcəyi”, “Tarixi Zəfərimizin milli və regional miqyasda təsiri”, “Cənubi Qafqazın geosiyasəti”, “Xəzər hövzəsinin təbii ehtiyatlarının qlobal əhəmiyyəti” və s.) üzrə nəzəri biliklər əldə ediblər. Həftəlik seminarlarda iştirakçılara jurnalist peşəsində lazımlı olan ünsiyyət bacarıqları, protokol və etiket, vaxtın və stressin idarə olunması kimi qabiliyyətlər inkişaf etdirilməsi haqqında məlumatlar verilib. Eyni zamanda, peşəkar xəbər istehsalı mühitində işlək qabiliyyətləri aşılamaq üçün gənc jurnalistlər müəllimlərinin bələdçiliyi ilə qrup şəklində şərti adı “İnformasiya siyasətinin Ali Baş Komandanı” olan 15 dəqiqəlik film üzərində işləyiblər.
Qeyd edək ki, “Yeni qabiliyyətlər, həmin dəyərlər” adı altında keçirilən seminarlar ADA Universitetinin idarəetmə, eləcə də professor-müəllim heyəti, ölkəmizin dövlət qurumlarının yüksəkrütbəli əməkdaşları, o cümlədən beynəlxalq təşkilatların və Azərbaycanda akkreditə olunmuş səfirliklərin ekspertləri tərəfindən tədris edilib. İştirakçıların ölkənin müxtəlif media subyektlərində ilkin mərhələdə təcrübə proqramına, daha sonra isə məşğulluğa başlayacaqları gözlənilir.
Təlim proqramını bitirən məzunlarının Medianın İnkişafı Agentliyinin tövsiyəsi ilə ölkənin müxtəlif media subyektlərində ilkin mərhələdə təcrübə proqramına, sonra isə məşğulluğa başlayacaqları gözlənilir.