Millət vəkili: “Xüsusi karantin rejimi uzadılmalıdır, lakin 10 rayonun “sarı” zonaya keçirilməsi mümkündür”backend

Millət vəkili: “Xüsusi karantin rejimi uzadılmalıdır, lakin 10 rayonun “sarı” zonaya keçirilməsi mümkündür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına qarşı aparılan mübarizə çərçivəsində həyata keçirilən sistemli tədbirlər, vətəndaşların məsuliyyəti və mövcud qaydalara əməl etməsi nəticəsində müsbət nəticələr əldə edilib”.

Bunu açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı bildirib.

İbrahimqızı deyib ki, hazırda Azərbaycan yoluxanların və vəfat edən şəxslərin sayının azlığına, habelə yoluxma və sağalma hallarının nisbətinə görə ən yaxşı nəticələr nümayiş etdirən ölkələr sırasındadır: “Azərbaycan dövləti infeksiyasının yayıldığı ilk günlərdən vəziyyəti nəzarətə götürmüş, genişmiqyaslı tədbirlər həyata keçirməyə başlayıb, istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələləri uğurla həll edib. Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət bir daha göstərir ki, dövlətimiz üçün insan amili, vətəndaşların sağlamlığı, təhlükəsizliyi, ölkəmizin inkişafı və cəmiyyətimizin rifahı başlıca vəzifədirvə bu məqsədə nail olmaq üçün bütün vasitələrdən istifadə olunur. Məhz bunun nəticəsində avqustun 5-dən sərtləşdirilmiş xüsusi karantin rejiminin yumşaldılması, məhdudiyyətlərin aradan qaldırılması mümkün olub”.

Millət vəkili qeyd edib ki, bunlarla yanaşı, qarşıda duran ən mühüm vəzifələrdən biri əldə olunmuş uğurun qorunub saxlanması və möhkəmləndirilməsidir. M. İbrahimqızı deyir ki, qarşıdan müxtəlif xəstəliklərin aktivləşdiyi payız və qış mövsümü gəldiyinə görə, bu məsələ xüsusi aktuallıq kəsb edir: “Beynəlxalq təcrübə göstərir ki, koronavirusla mübarizədə uğur qazanmış və karantin rejimini ləğv etmiş ölkələr sonrakı dövrdə infeksiyanın geniş yayılması nəticəsində yenidən məhdudiyyətləri bərpa etməyə məcbur olub. Azərbaycanda mayın 4-də karantin rejiminin yumşaldılmasından sonra müşahidə olunan mənzərə də məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlərin mərhələli şəkildə həyata keçirilməsinin zəruriliyini göstərdi. Hazırkı dövrdə ölkəmizdə qənaətbəxş dinamikanın olmasına baxmayaraq, mövcud sanitar-epidemioloji vəziyyətin təhlili xüsusi karantin rejiminin uzadılmasına ehtiyac olduğunu göstərir.

Yoluxma təhlükəsinin yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla, digər 10 rayonun – Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyanın “sarı” zonaya keçirilməsi mümkündür. Uzun müddətdir bu rayonlarda yoluxma sayının aşağı səviyyədə olması buna tam şərait yaradır. Həmçinin sanitar-epidemioloji vəziyyətdən asılı olaraq və ciddi nəzarət mexanizmi tətbiq edilməklə qadağaların tətbiq olunduğu bir sıra sahələrdə – tədris, repetitor xidmətləri və s. məhdudiyyətlərin aradan qaldırılması mümkündür. Məhdudiyyətlərin götürüldüyü müəssisələrdə sanitar rejimin və Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydaların yerinə yetirilməsi ilə bağlı məsuliyyət müəssisə rəhbərinin üzərinə düşür”.

Millət vəkili Azərbaycan dövləti qarşıdan gələn dövrdə əhalinin sosial tələbatlarını qarşılanması, iqtisadi stabilliyin qorunması və əhalinin sosial problemlərinin həlli üçün əlavə tədbirlər görmək gücündə olduğunu söyləyib: “Yoluxma hallarının artım dinamikasına yol verilməməsi üçün xüsusi karantin rejimi hələ bir müddət davam etməlidir. Vətəndaşlar COVİD-19-un müalicəsi üçün vaksin tapılmayana kimi mümkün qədər məsuliyyətli davranmalı, maksimum özümüzü və ətrafımızı qorumağa davam etməliyik”.

 

İnterpress.az