Mayın 9-da Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzinin (VDNX) “Azərbaycan” pavilyonunda 1941-1945-ci illərdə faşizm üzərində Qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib.
İnterpress.az xəbər verir ki, pavilyonda “Faşizm üzərində Qələbədə Azərbaycan SSR-nin rolu” adlı fotosərgi açılıb.
Pavilyonun qonaqlarına Qələbə Gününü öz hərbi əməyi və şücaətləri ilə yaxınlaşdıran Azərbaycan oğul və qızlarından, görkəmli Azərbaycan həkimlərinin, bəstəkarlarının, yazıçılarının, əfsanəvi kəşfiyyatçılarının, tanınmış sərkərdələrinin həyat hekayələrindən danışılıb.
Pavilyonun direktoru Səadət Kadırova tədbir iştirakçılarını faşizm üzərində Qələbə Günü münasibətilə təbrik edib.
“Azərbaycan xalqı döyüş meydanlarında və arxa cəbhədə öz qəhrəmanlığı və əməyi ilə bu qələbəni daha da yaxınlaşdırıb. Bu qələbədə Azərbaycan nefti əsas rol oynayıb. Nasistlər başa düşürdülər ki, Bakını tutmaqla cəbhəni yanacaqla təmin edən əsas arteriyanı kəsə biləcəklər. Azərbaycan xalqı keçmiş Sovet İttifaqının bütün xalqları ilə çiyin-çiyinə dayanaraq faşizmi məğlub edib”.
Səadət Kadırova vurğulayıb ki, Azərbaycan yaxın tarixdə işğalın dəhşətli nəticələrini yaşayıb.
“Bu gün tarixi düzgün qiymətləndirmək həmişəkindən daha vacibdir. Xocalını xatırlasaq, o zaman dinc əhaliyə qarşı törədilən soyqırımın dəhşətli nəticələrindən danışmaq olar. Ona görə də bu gün bizim üçün, azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir. Moskvalılar və paytaxtın qonaqları pavilyonumuza gəlir, tarixi fotoşəkillərə maraqla baxır, adlarını qələbə tarixinə qızıl hərflərlə yazmış Azərbaycan qəhrəmanları haqqında filmlərə baxırlar”, – deyə pavilyon direktoru əlavə edib.
Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov jurnalistlərə müsahibəsində Azərbaycanın 20-ci əsrin şərinə – faşizmə qalib gəlməsində çox böyük rol oynadığını qeyd edib.
“Hərbi əməliyyatlarda yarım milyondan çox azərbaycanlı iştirak edib. Çox sayda insan hərbi orden və medallara, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Azərbaycanda cəbhə zəhmətkeşləri yorulmadan çalışıblar. Düşməni darmadağın edən tanklarımızı və təyyarələrimizi yanacaqla təmin edən məhz Azərbaycan nefti olub”, – deyə Markov vurğulayıb.
Gün ərzində VDNX-dakı pavilyonunun mərkəzi zalında Azərbaycan kinorejissorlarının Böyük Vətən müharibəsindən bəhs edən filmləri, qəhrəmanların şücaətlərindən bəhs edən müasir sənədli və bədii filmlər nümayiş etdirilib.