“Heç kəs Rusiya uğrunda işğalçı müharibədə həlak olmaq istəmir”.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putinin 3 illik fasilədən sonra Belarusa səfər etməsini şərh edən politoloq Turan Rzayev İnterpress.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Putinin Minskə gəlişinin əsas səbəbi mövcud Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır.
Rəsmi Moskva Ukrayna müharibəsi fonunda istədiyi nəticələri qazana bilmir. Buna görə də 2023-cü ildə üstünlüyü yenidən qazanmaq üçün səylərini artırır:
“Putin Rusiya-Ukrayna müharibəsinə Belarusun da qatılmasını istəyir. Prinsip etibarilə Belarus bu gün də ərazisindən Ukraynaya hücum üçün Kremlə razılıq verir. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenkonun Vladimir Putinlə görüşün yekunlarına dair jurnalistlərə açıqlamasında dediyi “Bu gün biz sizin Belarusa təhvil verdiyiniz “S-400” sistemlərini, ən əsası isə altı ay əvvəl bizə təhvil verdiyiniz “İskander” kompleksini döyüş növbəsinə qoyuruq” sözləri də təsdiqləyir. Lakin görünür Putin bu dəfə Lukaşenkodan daha artığını, yəni Belarusun Ukrayna müharibəsinə qatılmasını istəyib. Aleksandr Lukaşenko və Vladimir Putinin görüşün yekunlarına dair jurnalistlərə açıqlamasından belə qənaətə gəlmək olar ki, Putin Lukaşenkonu Ukrayna müharibəsinə qatılmağa razı sala bilməyib. Ümumiyyətlə, Lukaşenko ölkəsinin müharibəyə qoşulmasını istəmir. Bu təkcə onun deyil, başda sadə belaruslar və generallar olmaqla, bütün bir ölkənin vahid fikridir. Heç kəs Rusiya uğrunda işğalçı müharibədə həlak olmaq istəmir. Lukaşenko isə öz növbəsində onsuz da ondan narazı olan daxili auditoriyanı radikallaşdırmaq istəmir. Lukaşenko Putini inandıra bilib ki, belə bir müharibə onun hakimiyyətinə, dolayı yolla Rusiyanın Belarusdakı nüfuzuna ciddi ziyan vura bilər”.