Müharibədə Ermənistana ən “ağır zərbə”: Ordunun məhvi “əfsanə”ni sevgilisindən ayırdıbackend

Müharibədə Ermənistana ən “ağır zərbə”: Ordunun məhvi “əfsanə”ni sevgilisindən ayırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilin bu günü Azərbaycanın parlaq zəfəri ilə nəticələnən Vətən müharibəsinin üçüncü günü yaşanırdı. Azərbaycan ordusu döyüş meydanında düşmənə sarsıdıcı zərbələr endirir, pərən-pərən düşən düşmən qüvvələri ağır itkilər verərək geri çəkilirdi.

Azərbaycan Müdafiə Nazirliyi cəbhədəki real vəziyyətlə bağlı obyektiv məlumatları dərc edir, Azərbaycan ictimaiyyəti və bütün dünyaya həqiqətləri çatdırırdı.

Ancaq həqiqətləri qəbul etməyən bir dövlət, bir qurum və bir cəmiyyət var idi.

Odur ki, Ermənistan dövləti Müdafiə Nazirliyinin (MN) əli ilə öz xalqının gözünü boyamaq üçün bütün gücünü səfərbər etməyə başladı. İnsafən deyək ki, Ermənistan MN-nin ortaya qoyduğu təxəyyül və fantaziyanı heç dünyanın ən parlaq beyinləri belə ortaya qoya bilməzdi. Çünki ermənilər nəyi bacarmasalar da, yalan və saxtakarlıq deyəndə hər kəsdən bir addım önə çıxırlar.

44 gün ərzində darmadağın olan Ermənistan ordusunun aqibətini bir çox ermənilər yalnız 10 noyabr bəyanatı – faktiki kapitulyasiya aktı imzalandıqdan sonra anlamağa başladılar. Buna qədər isə erməni xalqı üçün hər şey necə deyərlər “yağ kimi gedirdi”. Çünki ölkənin Müdafiə Nazirliyi bütün reallığa zidd olaraq qələbədən dəm vururdu. Halbuki, Ermənistan ordusu artıq son nəfəsini verirdi.

Bizim mentalitetimizdə “ölünün arxasınca danışmazlar” deyə bir anlayış var, ancaq bu gün Ermənistanın ölmüş “ordusu”nun 29 sentyabr 2020-ci il tarixinə qədər qazandığı “uğurları” xatırlamaq və mərhumun “döyüş yolu”nun ermənilərə necə çatdırıldığını bir daha görmək yerinə düşərdi…

“Balıq başdan iylənər” deyirlər, odur ki, erməni xalqı üçün hazırlanmış bu tamaşanın ən başında dayanan Nikol Paşinyandan başlamaq lazımdır. Ermənilər 29 sentyabrı ilk növbədə öz liderlərinin iftixar dolu sözləri ilə xatırlayacaqlar. Erməni ordusu cəbhədə artıq ilk günlərdən ağır itkilər verdiyi və canlı qüvvə çatışmazlığı ilə üzləşdiyi halda Nikol Paşinyan böyük riyakarlıqla qarşılaşdığı mənzərəni ermənilərə şərh edirdi. O, cəmi üç günə artıq Ermənistanın hər yerindən insanların cəbhəyə daşınmasından bixəbərmiş kimi çıxış edərək, bu “aciz tamaşa”nın açılışını edir. Paşinyan bildirir ki, küçədən gələn səsləri toy zənn edərək pəncərədən boylanıb, lakin sonradan bu səhnənin cəbhəyə “könüllü yollanmaq istəyənlər” olduğunu anlayıb. Guya ki, ermənilər ehtiyac olmadığı halda könüllü cəbhəyə getmək istəyirlər. Guya ağır itkilər cəbhədə canlı qüvvə çatışmazlığı yaratmayıb. Ancaq zaman göstərdi ki, hətta Ermənistanın bütün potensialının səfərbər edilməsi belə mütləq məğlubiyyətin qarşısını ala bilmədi.

44 günlük müharibə “yenilməz erməni ordusu”, “erməni ruhu” kimi mifləri zibil qutusuna göndərdi, ancaq Ermənistan tarixinə düşəcək bir “əfsanə”nin doğuluşuna da səbəb oldu.

Bu “əfsanə”, bu “fenomen”in adı hər birimiz üçün tanışdır. “Taktiki olaraq geri çəkilmə” yalanının müəllifi – Ermənistan MN-nin nümayəndəsi Artsrun Ovannisyan…

O, elə ilk çıxışındaca Ermənistan ordusunun uğurlarından, Azərbaycanın ağır itkilər verməsindən və bu itkilərin heç cür müqayisəyə gəlmədiyindən bəhs edib. Təbii ki, Ermənistanın xeyrinə… Hər halda bu gün Ovannisyanın açıqlamasından bir il keçdiyi bir vaxtda artıq sözügedən yalanın miqyası bütün dünyaya agah olub.

Ancaq əminliklə bu açıqlamanın Artsrun üçün kiçik kalibrli olmasını deyə bilərik. Onun “şedevr”ləri hələ müharibənin növbəti günlərində erməni ictimaiyyətinə sırınmağa başlandı.

Saxta təbliğat və uydurmalar baxımından Ovannisyanla sevgi macərası yaşayan Ermənistan MN-in mətbuat katibi Şuşan Stepanyan da sevgilisindən geri qalmadı. Sevgililər müharibə boyu əl-ələ verib “qüdrətli Ermənistan ordusu”nun məhvini gizlətdilər, ordunun darmadağın olmasından sonra isə ayrıldılar.

Yeri gəlmişkən, ermənilərin bəh-bəhlə Şuşanı müdafiəyə yolladıqları əliqanlı qatil, general Seyran Ohanyan da məhz sentyabrın 29-da Qarabağa yollandı. Şuşanı müdafiə etməli olan Ohanyanın Qarabağdan necə qaçdığını isə ermənilər özləri də hələ öyrənə bilmir…

Növbəti dəfə “Ermənistan MN-nin ulduzu” səhnəyə günorta saatlarında çıxdı “Azərbaycan ordusu boğulur, son səyləri göstərir, artıq bütün silah-sursatından istifadə edib”.

Bu açıqlama hər bir ermənini sonsuz zövq dəryasına qərq etsə də, həqiqət ortaya çıxanda elə həmin dəryada özlərinin boğulmasını da şərtləndirdi. Üstəlik bu açıqlamaya həmin vaxt vitse-spiker olan Alen Simonyan da qoşuldu, Azərbaycan ordusunun təşviş içində olduğunu dedi.

Hazırda Ermənistanın xarici işlər naziri olan, 10 noyabr bəyanatı imzalandıqdan bir neçə saat sonra İrəvan küçələrində vəhşicəsinə döyülən Ararat Mirzoyan isə hətta Ovannisyanı da kölgədə qoymağa nail oldu. O, iddia edirdi ki, müharibə Azərbaycan ordusunun tam məhvi ilə nəticələnəcək. Mirzoyanın uzaqgörən olmasına söz yox, ancaq o ünvanları səhv saldı. Yekunda məhv olan bir ordu çıxdı ortaya, darmadağın və rüsvay olmuş bir ordu… Yenə də “mərhum”un arxasınca danışmaq istəmədiyimiz üçün bu ordunun hansı olduğunu oxucularımızın ixtiyarına buraxırıq…

Yeri gəlmişkən Araik Arutyunyanı da unutmaq olmaz. O, çox böyük pafosla döyüşün onlar üçün təlim xarakteri daşıdığını dedi, guya ön xətt bölmələrinə nəyə ehtiyacınız var deyəndə, məhz onlar “elə bil təlimdəyik” cavabını veriblər. Hər halda Arayik müharibə boyu o qədər sığınacaqlarda, dərmə-deşiklərdə gizləndi ki, beyninə oksigen getməyən bu quldurun açıqlaması da təəccüb doğurmadı. Bəlkə də, bu açıqlamanı verərkən artıq ön xətt bölmələri qalmadığı üçün köməyə də ehtiyac olmadığını etiraf etdi Arayik, kim bilir?

Bu cür tamaşanın finalında da baş rolu Artsrun oynamalı olduğu üçün yenidən səhnəyə can atan “əfsanə” bu dəfə artilleriyaçılardan danışdı:

“Artilleriyaçılarımız virtuozlardır. Biz hətta qumbaraatanla tank vurmağı da öyrənmişik”.

“Fenomen” “mərhum”un yeni qabiliyyətindən bəhs etsə də, reallıqda erməni ordusu hətta planetin ən sürəli insanı Useyn Boltu da həsədə salan bir “xüsusiyyət”ə yiyələnmişdi. Silahı bir, dəbilqəni bir yana atıb yaralı yoldaşlarını tapdalayaraq cəbhədən qaçan erməni əsgərləri rekord qıraraq İrəvana qədər qaçmağı bacarmışdılar.

Hər nə qədər çox görünsə də, bütün bunlar Ermənistan MN-nin sadəcə 29 sentyabr tarixli “tamaşa”sında nümayiş olunan məlumatlar idi. Müharibənin yekunları və həqiqətlər bu gün hər birimizə bəllidir.

Qələbə Müzəffər Azərbaycan ordusunun və xalqının şanlı tarixinə yazılıb. Ermənilərə qalan isə bu rüsvayçı “səhnə”lər və Artsrun “fenomen”i oldu.