Treyderlər arasında tədarüklə bağlı narahatlıqların qalması dünya bazarlarında neftin qiymətinin artmasına səbəb olub.
“Brent” markalı neftin may fyuçersləri 1,01% bahalaşaraq, 98,96 ABŞ dollarına satılıb. WTI neftinin aprel fyuçerslərinin qiyməti isə 0,88% artaraq, 1 bareli 96,56 ABŞ dolları təşkil edib.
Treyderlər Ukrayna ətrafında cərəyan edən hadisələr səbəbindən neftin tədarükündə fasilələrin yarana biləcəyindən narahatdırlar. Artıq bir sıra ölkələr hərbi əməliyyatlara cavab olaraq, Rusiyaya qarşı sanksiyaların tətbiqinə başlayıb.
Strateji ehtiyatlardan neftin buraxılması haqqında xəbərlər də neft qiymətlərinə əhəmiyyətli təsir göstərir. Belə ki, daha əvvəl ABŞ-ın və Beynəlxalq Enerji Agentiyinə (IEA) üzv ölkələrin öz strateji ehtiyatlarından 70 milyon barel nefti bazara çıxara biləcəyi barədə xəbərlər yayılıb.