Bakıda geyim mağazasında kassir işləyən Xatirə Atakişiyevanın çantalarını müştəri qadın oğurlayıb.
Vətəndaş Xatirə Atakişiyeva “Kriminalqafqaz”a müraciət edərək bildirib ki, Sabunçu rayonunda yerləşən “Sara Butik” adlı geyim mağazasına müştəri qismində gələn bir qadın onun başının qarışıq olmasından istifadə edərək iki çantasını oğurlayıb:
“Həmin vaxt satıcı mağazada yox idi, mən də kassada idim. Mağazadan heç nə götürməyib, sadəcə mənim iki çantamı aparıb. Çantamda 400 manat pul və bahalı kosmetik vaistələr var idi. Bayram üçün qohumlarıma aldığım bir neçə bahalı ətir və özümə məxsus olan iki ədəd pul kisəsi də çantalarda idi”.
Şikayətçi iddia edir ki, oğurluqda şübhəli bilinən həmin qadın başqa mağazalara da girib. O, əlində bunu sübut edən videoların olduğunu da bildirib:
“Hadisə dekabrın 29-da olub. Mən 30-u baxa bildim videolara və həmin anda da polisə müraciət etdim. Videolarda da görünür ki, qadın daha əvvəl başqa mağazalara girib. 17 gün keçməsinə baxmayaraq, polisdən hələ də bir cavab gəlməyib. Mənə oğurlanan heç nə lazım deyil. Sadəcə o adamın tapılmasını və cəzalandırılmasını istəyirəm. Kim bilir mənim kimi nə qədər insana zərər verib?!”
DİN Mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov “Kriminalqafqaz”ın sorğusuna cavab olaraq bildirib ki, vətəndaş Xatirə Atakişiyevanın DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət edərək kassir işlədiyi mağazaya müştəri qismində daxil olan şəxs tərəfindən içərisində 250 manat və 80 dollar olan pul kisəsinin, sənədlər, bank kartları və kosmetik mallar olan əl çantalarının oğurlanmasını bildirib:
“Müraciətlə əlaqədar Sabunçu RPİ-nin 13-cü Polis Bölməsində vətəndaş qəbul edilib, dinlənilib və onun şikayət ərizəsi alınıb. Daha sonra hadisə yerinə baxış keçirilib. Araşdırma və təyin edilən ekspertizalar zamanı hadisə nəticəsində vətəndaşa ümumilikdə 486 manat məbləğində zərər dəydiyi müəyyən edilib. Həmin şəxsin tapılması və məsuliyyətə cəlb edilməsi istiqamətində bölmə əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir”.