Pakistanda ABŞ və Çin də daxil olmaqla 50-dən çox ölkənin iştirak etdiyi çoxmillətli AMAN-2023 dəniz təlimi Ərəb dənizində başlayıb.
Bu barədə İnterpress.az yerli KİV-ə istinadən xəbər verir.
2007-ci ildən bəri hər 2 ildən bir Pakistanın ev sahibliyi etdiyi və ABŞ, Çin və Türkiyə də daxil olmaqla 50-dən çox ölkənin dəniz qüvvələrinin iştirak etdiyi təlimin 5 gün davam edəcəyi gözlənilir.
Pakistan Hərbi Dəniz Qüvvələri “Sülh üçün birlikdə” şüarı ilə təşkil edilən təlimin dəniz anlayışlarını və əməliyyat mədəniyyətlərini anlamaq, qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq və dənizdə ortaq təhdidlərlə mübarizə yol və vasitələrini müəyyən etmək məqsədi daşıdığını açıqlayıb.
Təlim dənizdə və limanda iki mərhələdə həyata keçiriləcək.
Liman mərhələsində seminarlar, əməliyyat müzakirələri və peşəkar nümayişlər keçiriləcək. Dəniz fazasında terrorizm və dəniz quldurluğu ilə mübarizə tədbirləri, axtarış-xilasetmə, atəş texnikası və hava hücumundan müdafiə kimi dəniz təhlükəsizliyi təlimləri keçiriləcək.