Prezident həbs olunan icra başçılarından danışdı, yeni başçılara tapşırıqlar verdibackend

Prezident həbs olunan icra başçılarından danışdı, yeni başçılara tapşırıqlar verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Siz daim insanlarla təmasda olmalısınız, onların problemlərini onlardan eşitməlisiniz, laqeyd olmamalısınız. Yəni, bütün məmurlar qarşısında mənim tərəfimdən qoyulan vəzifələr bundan ibarətdir. Çünki hər bir dövlət məmuru Prezident başda olmaq şərti ilə xalqın xidmətçisidir. Mən bunu dəfələrlə öz çıxışlarımda demişəm və icra başçılarını vəzifəyə təyin edərkən demişəm”.

İnterpress.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 18-də Coşqun Cəbrayılovu Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı, Elgin Həbibullayevi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı və Elxan İbrahimovu Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən çıxışında deyib.

“Ancaq əfsuslar olsun ki, bəzi hallarda mənim təyin etdiyim vəzifəli şəxslər öz vəzifə borcunu yerinə yetirmək əvəzinə qanunsuz işlərlə məşğul idi, korrupsiya ilə, rüşvətxorluqla məşğul idi. Kasıb insanların malına göz dikmişdilər, dövlət tərəfindən ictimai işlərə cəlb edilən insanların maaşını mənimsəmişdilər. Bu vicdansızlıq və əxlaqsızlıq nəticəsiz qalmadı. Bildiyiniz kimi, bir çox icra başçıları cinayət məsuliyyətinə cəlb olunub, artıq bir çoxu məhkum edilib və bəzilərinin cinayət işlərinin istintaqı davam edir.

Bu, təkcə icra hakimiyyəti başçılarına aid deyil, bütün məmurlara aiddir. Heç kim qanundan yuxarı ola bilməz. Qanun qarşısında hamı bərabərdir. Dövlət məmurunun üzərinə düşən vəzifə və məsuliyyət onları dediyim prinsiplərə riayət etmələrinə sövq etməlidir. Əks təqdirdə onlar cəzalandırılacaq və artıq gördüyümüz işlər bunu təsdiqləyir. Böyük vəzifə böyük imtiyaz deyil, böyük məsuliyyətdir. Ona görə bu məsuliyyəti dərk edərkən siz öz addımlarınızı da bu istiqamətdə atmalısınız”, – dövlət başçısı deyib.

“Kürdəmir rayonunun kəndlərində mövcud olan problemlər təhlil edilməlidir. İcra başçısı bütün kəndlərə getməlidir, insanlarla görüşməlidir. Əgər hər bir kəndin problemi həll olunarsa, onda demək olar ki, bütün problemlər həll olunar. O cümlədən Nizami və Nərimanov rayonlarının bütün guşələrində işlər elə getməlidir ki, bu rayonlar nümunəvi olsun.

Yerlərdə həlli mümkün olmayan problemlərin, – elə problemlər təbii ki, var, – həlli üçün siz mərkəzi icra orqanlarına müraciət etməlisiniz, həlli mümkün olan problemləri isə özünüz həll etməlisiniz ki, insanlar sizdən razı olsun. İnsanlar sizdən razı olsalar, mən də sizin işinizdən razı olacağam.

Bir daha demək istəyirəm ki, sizə böyük etimad göstərilir. Bu təyinatı mən ictimaiyyət üçün açıq edirəm ki, hər kəs bir daha görsün mənim tövsiyələrimi və sizin məsuliyyətinizi. Sizə uğurlar diləyirəm”, – Prezident vurğulayıb.