Rusiya onilliklərlə davam edəcək müharibəyə hazırlaşır.
İnterpress.az xəbər verir ki, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (PMEF) çıxış edən MQİMO professoru və Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) ehtiyatda olan polkovniki Andrey Bezrukov bəyan edib.
Bezrukov çıxışı zamanı gələcək proqnozlarını bölüşərək bildirib ki, Rusiya yaxın bir neçə onillik ərzində müharibə şəraitində yaşamağa hazır olmalıdır.
Onun sözlərinə görə, ölkədə yetişməkdə olan iki yeni nəsil “döyüşən nəsil” kimi xarakterizə olunacaq və cəmiyyət bu reallıqla yaşamağı öyrənməlidir.
“Biz etiraf etməliyik ki, qarşıdakı bir neçə onilliyi müharibə vəziyyətində keçirəcəyik”, – ekspert vurğulayıb.
O, həmçinin gələcək təhlükələr barədə xəbərdarlıq edərək, Asiyada yeni müharibələrin, eləcə də bioloji müharibələr və dron müharibələrinin qaçılmaz olduğunu əlavə edib.
Andrey Bezrukovun bu fikirləri forumda müzakirələrə səbəb olub və Rusiyanın gələcək geosiyasi strategiyası ilə bağlı ekspertlər arasında geniş şərhlərə yol açıb.
Xuraman Etibarlı
İnterpress.az






