Qazaxda minaya düşən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.
Bu barədə İnterpress.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, bu gün saat 10:10 radələrində 2004-cü il təvəllüdlü şəxs Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib: “Gətirilən zaman vəziyyəti-ağır, huşu aydın, sol ayağının pəncəsinin travmatik amputasiyası, yara yerinin arterial qanaxması, yara yeri çirkli olub. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir”.
***
14:47
Qazaxda minaya düşən DSX əməkdaşının kimliyi açıqlanıb.
İnterpress.az bildirir ki, bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, aprelin 29-da Qazax rayonunun Quşçu Ayrım kəndinin əvvəllər Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Vüsal İntiqam oğlu İsmayılovun ayağından xəsarət alması faktı ilə bağlı Şəmkir Hərbi Prokurorluğunda araşdırma aparılır.
***
13:42
Qazaxda minaya düşən DSX əməkdaşının vəziyyəti açıqlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Report”a Qazax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, mina partlayışı nəticəsində xəsarət alan şəxs artıq əməliyyat edilib, onun bir neçə ayaq barmağı amputasiya olunub.
Xəsarət alan şəxsin durumu stabildir.
***
12:42
Qazax rayonu ərazisində mina hadisəsi baş verib.
İnterpress.az xəbər verir ki, mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib./oxu.az