Qəbir yerini pulla satan məmur hansı üzlə vətənpərvərlikdən danışır?backend

Qəbir yerini pulla satan məmur hansı üzlə vətənpərvərlikdən danışır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vətənpərvərlik tərbiyəsi haqqında” yeni qanun layihəsi hazırlanır”. Bu barədə parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib. Komitə sədri bildirib ki, bu qanun layihəsi üzərində artıq iş gedir: “Bu, çox önəmli məsələdir. Yeni reallıqları nəzərə alaraq, bu sahədəki fəaliyyətin qanunvericilik bazasını gücləndirmək üçün bu qanun layihəsinin hazırlanması zərurəti də meydana çıxıb”. B.Əliyev əlavə edib ki, qanun layihəsinin hazırlanması üçün İşçi Qrupun yaradılması da təklif edilir: “Proses artıq başlayıb. Əlaqədar qurumlarla da işlər aparılır”.

Yenisabah.az xəbər verir ki, bəhs edilən qanun layihəsini şərh edən millət vəkili Fazil Mustafa məsələyə fərqli yanaşıb: “Açığı, mənim üçün vətənpərvərlik tərbiyəsinin qanunla həyata keçirilməsi bir az aydın deyil. Bir qədər fərqli baxışım var. Bəlkə də orada hansısa müddəalar var, amma bizim üçün aydın deyil. Qanun layihəsi ilə tanış olmadığım üçün deyə bilmərəm. Amma prinsipcə, vətənpərvərliyin qanunla tənzimlənməsi mənə qəribə gəlir”.

Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə “Şərq”ə deyib ki, yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərini yaymaq çox vacibdir. Xüsusilə, müharibədən yenicə çıxmış, hər an mənfur düşmənin təcavüzü ilə üzləşmək məcburiyyətində qalan bir ölkə üçün bu olduqca zəruridir:

“Hesab edirəm ki, təkcə dövlət qurumları deyil, QHT-lər, mətbuat, bütövlükdə cəmiyyət bu məsələdə səfərbər olmalıdır. Amma mən bu məsələnin qanunla necə tənzimlənəcəyini bilmirəm. Ola bilsin, seçilmiş insanlar olduğuna görə deputatlarımız bunun yolunu bilirlər. Məncə, bu cür məsələlər hüquqi deyil, mənəvi yollarla tənzimlənməlidir. Uşaqlara, yeniyetmə və gənclərə yaxşı nümunə olmaq lazımdır. Yalandan və talandan uzaq durmalı, sadə, ləyaqətli həyat tərzi keçirməliyik. Əxlaqsızlıq, vicdansızlıq edib sonra “vətənpərvərlik çətiri”nin arxasında gizlənmək olmaz. Aydın məsələdir ki, bu iradlar konkret şəxslərə, yaxud deputatlara ünvanlanmayıb. Bütövlükdə cəmiyyətdə qüsurlar var. Vəzifəsi, siyasi statusu olmayan adamlar tanıyıram ki, hər gün övladlarının beynini “El üçün ağlayan göz kor olar” tipli yararsız məsəllərlə doldururlar”.

S.Verdizadə vurğulayıb ki, vətənpərvərlik təkcə erməniyə güllə atmaqdan ibarət deyil:

“44 günlük Vətən müharibəsi sübut etdi ki, bunu bizdən daha yaxşı bacaran oğullarımız var. Onların qanları bahasına bütöv hala gətirdikləri Vətəni rüşvət və korrupsiya ilə murdarlamaq ən böyük tərbiyəsizlikdir. Qəbir yerini pulla satan məmur hansı üzlə vətənpərvərlik ideyalarını təbliğ edə bilər? Biz ancaq öz işimizə vicdanla yanaşmaqla, vicdanla yaşamaqla gənclərə yaxşı nümunə ola və bununla da Vətənə fayda verə bilərik”.