Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə uşaqların animasiya bacarıqlarının artırılması mövzusunda təlimlər keçiriləcək.
İnterpress.az xəbər verir ki, “İnformasiya Texnologiyalarının Tətbiqinə Yardım Mərkəzi” İctimai Birliyi 01 fevral 2022-ci ildən 3 ay müddətində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə Bakı şəhərində həyata keçirilən “Uşaqların animasiya bacarıqlarının artırılması” adlı layihə çərçivəsində ibtidai sinif şagirdləri üçün ödənişsiz təlimlərə start verəcək.
Layihənin həyata keçirilməsində əsas məqsəd rəsm çəkmək bacarıqları ilə seçilən şagirdlərə keçiriləcək təlimlər vasitəsilə onların animasiya proqramlarından istifadə bacarıqlarının inkişaf etdirilməsinə nail olmaqdır.
İnformasiya texnologiyalarının faydalı tərəflərindən şagirdlərinin yararlanmasının təmin olunması sağlam düşüncəli və bacarıqlı gənclər yetişdirmək istəyən cəmiyyət, o cümlədən, həmin şagirdlərin valideynləri üçün çox mühüm məsələdir.
Şagirdlərin animasiya proqramlarından istifadə imkanlarının artırılması üçün keçirilən təlimlər onların informasiya texnologiyalarından daha səmərəli istifadəyə imkan yaratmaqla yanaşı onlarda vizual düçüncənin inkişafına şərait yaradacaqdır. Bu da informasiya texnologiyalarının təsirinin durmadan artıdığı müasir dünyamızda həmin gənclərin bu sahədə bacarıqlarını inkişaf etdirməklə daha rahat iş tapması və innovativ təşəbbüslərlə çıxış etməsi üçün əhəmiyyətlidir.
Layihə çərçivəsində təşkil ediləcək təlimləri təcrübəli təlimçilər aparacaq. Təlimlərin 10 gün keçiriləcək və mayın 1-də başa çatacaq.
Təlimlərdə media və QHT nümayəndələrinin də iştirakı nəzərdə tutulur.