Rövşən Xəlilov: “Mənim üçün tək bu zirvə qalıb”backend

Rövşən Xəlilov: “Mənim üçün tək bu zirvə qalıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stronqmen Federasiyasının dəstəyi ilə Gürcüstanda keçirilən beynəlxalq Qran-pridə çəkisi 80 kq olan idmançılar arasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, dünya və Avropa çempionu, Azərbaycan Respublikasının beynəlxalq dərəcəli idman ustası Rövşən Xəlilov bütün rəqiblərindən güclü olaraq qızıl medal qazanıb.

Artıq Vətəndə olan Rövşən Xəlilov ilk olaraq Bakusport.az saytına qələbə təəssüratlarından danışıb.

  • Son yarışda qazanılan qızıl medalla bir daha gündəmə gəldiniz…
  • Təki hər zaman qələbələrlə, mükafatlarla gündəmə gələk. Yarışa Azərbaycan Stronqmen Federasiyası 3 idmançı ilə qatılmışdı. Çəkisi 105+ kq olan idmaçılar arasında Hümbətov Aydın qızıl medala sahib olaraq çempion adını qazandı. Digər təmsilçimiz Nicat Hüseynov isə çəkisi 105 kq-ya qədər olan 14 rəqib idmançı arasında 5-ci yerdə qərarlaşdı. Mən də çempion olub qızıl medal qazandım.

 

  • Rəqibləriniz barədə danışardınız. Çempionluq yolunda ən çətin rəqiblər kimlər oldu?
  • “Stronqmen” “güclü kişi” deməkdir. Yəni burada ən güclülər yarışır. Həmişə əsasən 105 kq-dan yuxarı çəkidə idmançılar çıxış edirdilər. Ancaq son dövrlərdə aşağı çəkili idmançılar da çıxış edə bilirlər. Mən 80 kq-ya qədər olan iştirakçılar arasındaydım. Burada ən aşağı çəki 80 kq olur. Burada güləş, ağırlıqqaldırma, pauerliftinqdən idmançılar toplaşmışdı. Yarış Gürcüstanda olduğu üçün gürcülər üstünlük təşkil edirdi. Almaniya, Estoniya, İsrail və digər ölkələrdən də atletlər var idi. Mənim çəkimdə gürcü idmançı ilə rəqabət gedirdi. Şükürlər olsun ki, 6 hərəkətdən 4-də qalib gələrək çempion oldum.

 

  • Motivasiya mənbəyiniz nədir?
  • Həqiqətən də mən uğurlarımın sonunda arzu etdiyim məqam Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevlə görüşmək, onun təbrikini almaqdır. Mənim üçün tək bu zirvə qalıb. Mən bunu gözümün qarşısına gətirib, motivasiya alıram. İnşəallah, bu arzuma çataram.

 

  • Azərbaycan Stronqmen Federasiyası sizə necə dəstək olur?
  • Stronqmen Federasiyası Azərbaycanda yeni yaranıb. Amma buna baxmayaraq güclü idmançıları ətrafında birləşdirib. İdmançılar federasiyanın yarışlarına hər zaman hazırdır. Böyük potensialı olan idmançılara həmişə dəstək olur . Rəhbərlik hər zaman  idmançıların problemləri ilə maraqlanır. Onların yarışlarda iştirakını təmin etmək üçün dəstək olur. Federasiyamızın rəhbəri, keçmiş idmançı, dünya və Avropa çempionu Bəxtiyar Quliyevə təşəkkürümü bildirirəm. Onun idmançı olmağı bizə böyük stimul verir. Federasiya ilə bağlı gözəl planlar var gələcəkdə. İnşəallah, hamıya uğur arzu edirəm.

 

  • Qarşıdakı hədəfləriniz nələrdir?
  • Hərzamankı kimi məşqlərimi saxlamıram. Zədələr var idi. Bir müddət müalicə aldım. Qarşıdakı planım formada qalmaqdır. Bildiyiniz kimi, mən həm də pauerliftinqlə məşğulam. Bu növdə də növbəti yarışlarda iştirak etməkdir hədəfim. Pauerliftinqdə Professional Divizion, dünya və Avropa çempionuyam. Hədəfim həm də stronqmen növündə dünya və Avropa çempionu olmaqdır.

 

  • Gənc və yeniyetmələrə nə tövsiyə edirsiniz?
  • Yeniyetmə və gənclərin çox vaxtı var. Ona görə də onlara idmanla məşğul olmağı tövsiyə edirəm. Spirtli içkilər, narkotik maddələr, tütün məmulatlarından uzaq olmalarını istəyirəm. Sağlam həyat üçün idman vacibdir. Bunu hər zaman Cənab Prezident də vurğulayır. Eləcə də biz – idmançılar gəncləri idmana dəvət edirik. Şəxsən mən idmanla bağlı sual verən, məşq edən, zallara gələn gənclərə dəstək üçün hər zaman hazıram. Hamıya uğur arzu edirəm!