Rusiya ABŞ-ın gözləmədiyini etdi – Dollara qarşı “Hindistan rəqsi”…backend

Rusiya ABŞ-ın gözləmədiyini etdi – Dollara qarşı “Hindistan rəqsi”…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Hindistan silah müqavilələri bağlayarkən qarşılıqlı ödənişlərdə dollardan imtina edib. Tərəflər bundan sonra bütün ödənişlərini rubl və rupi ilə həyata keçirəcək.

Maraqlıdır, rəsmi Moskva və Dehlinin bu addımı ABŞ-ın dollar hegemonluğuna zərbə vura biləcək?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, Rusiya və Hindistanın qarşılıqlı ödənişlərdə dollardan imtinası ABŞ-ın dollar üzərindən digər dövlətlərə təsir imkanlarını zəiflətməyə hesablanıb:

“Bu, ilk belə hal deyil. Ehtimal ki, sonuncu da olmayacaq. Məsələ ondadır ki, hazırda ABŞ-ın sanksiyalarından və dollar diplomatiyasından təngə gələn ölkələr antidollar kampaniyasına başlayıb. Misal üçün, 2014-cü ildə Çin ilə Rusiya arasında ticarətin milli valyutalar ilə edilməsinə dair müqavilə imzalandı. Müqavilənin imzalanmasından 7 il keçib və iki ölkə arasında ticarət dövriyyəsi 80 milyard dollardan 120 milyard dollar səviyyəsinə çatıb. Lakin ümumi ticarət dövriyyəsinin cəmi 4 faizi milli valyuta üzərindən aparılır. Düzdür, müqavilədən sonra dollardan istifadə azalıb, lakin əvəzində avrodan istifadə artıb.

Məsələ ondadır ki, hazırda dünya ticarətinin 70 faizi dollar üzərindən həyata keçirilir. Özəl sektor da təbii olaraq həmişə məzənnə oynaqlığından özünü sığortalamaq istəyir. Misal üçün, Rusiya və Hindistan arasında imzalanan hazırkı müqavilə dövlət səviyyəli müqavilədir. Dövlət istənilən halda özünü sığortalaya bilər. Özəl sektorun isə belə bir imkanı yoxdur. Özəl sektor çətin ki, bu tezlikdə ticarət dövriyyəsində dollardan imtina edib, milli valyutaya keçsin”.

Ekspertin sözlərinə görə, rupi də, rubl da oynaq məzənnəyə sahibdir:

“Düzdür, rupiyə nəzərən rubl iki ilə yaxındır dar koridordadır. Lakin rupidə oynaqlıq daha çoxdur. Buna görə də özəl sektorun bu prosesə qoşulmasını ehtimal etmirəm. Ehtimal ki, özəl sektor özünü sığortalamaq üçün çarpaz məzənnə ilə hesablama aparacaq. Ümumilikdə isə deyə bilərəm ki, Çin Rusiya və Hindistanın başlatdığı bu tendensiya davam etsə, gələcəkdə dolların hegemonluğu sarsıla bilər”.