Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyat İdarəsinin məlumatına görə, Rusiyada hərbi vəziyyətin elan olunması gözlənilir. Bildirilib ki, Rusiya uzunmüddəlti müharibəyə hazırlaşır. Məlumata görə, Rusiya Prezidenti Vladimir Putinin iqtisadiyyatın və hərbi sənaye kompleksinin yenidən təşkili ilə bağlı həyata keçirdiyi tədbirlər Moskvanın hərbi vəziyyətin tətbiqinə hazırlıqlarından xəbər verir.
Mövzu ilə bağlı Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov İnterpress.az-a açıqlamasında bildirib ki, bu cür məlumatlar həm də informasiya müharibəsinin elementi kimi qiymətləndirilməlidir. Əlbətt, bu, Rusiya tərəfinə də aiddir. Ümumiyyətlə, müharibənin yazılmamış qanunlarından biri də müxtəlif cəhdlərlə ictimai şüura təsir etmək, o cümlədən daxili və xarici ictimai rəyi arzuolunan istiqamətdə dəyişməkdir:
“Ukrayna tərəfinin iddia etdiyi kimi müharibənin hələ uzun çəkəcəyi şübhəsizdir. Savaşın təxmini bir ildir davam etməsinə rəğmən Rusiya demək olar ki, ciddi uğur əldə etməyib. Əksinə döyüşlər ərəfəsində elan olunan iddialar havada qaldı. Rusiya üç gün içində Kiyevə daxil ola bilmədi. Həmçinin Rusiya Ukraynada ciddi müqavimətlə üzləşdi. Bu, rəsmi Moskvanın hərbi nüfuzuna zərbə oldu. Kreml itirilmiş reputasiyanı bərpa etməyə çalışır. Çox güman, Ukraynadakı döyüşlərə yeni komandanın təyin olunması da bununla bağlıdır. Rusiya hakimiyyəti ordusu ilə bağlı təsəvvürün puça çıxmasını istəməz. Bu mənada demək olar ki, gələcəkdə Ukraynadakı müharibə ilə bağlı atılacaq bütün addımlar birbaşa sözügedən ambisiyaya, yəni Rusiyanın reputasiyasına xidmət edəcək. Rusiya məqsədinə nail olanadək döyüşləri davam etdirəcək”.
Kremlin sülhlə bağlı səsləndirdiyi fikirlərin səmimi və ədalətli olmadığını vurğulayan ekspert hesab edir ki, Rusiya hərbi yolla nail ola bilmədiklərinə diplomatik yolla çatmaq istəyir. Bu baxımdan Ukrayna kəşfiyyatının müharibənin müddəti ilə bağlı proqnozunu real hesab etmək olar:
“Rusiyada səfərbərliyin növbəti dalğası da mümkündür. Çünki itkilər hər ötən gün artır. Rusiya hər gün yüzlərlə canlı qüvvə itkisi verir. Xüsusilə son günlər Soledərdakı irəliləyişlər Rusiyaya böyük itkilər hesabına başa gəlib. Əlbəttə, bu itkilər həm də “Vaqner” muzdlu hərbi təşkilatının “şəxsi heyətində” də özünü göstərir. Hərbi vəziyyətin elan olunması isə hələ ki, inandırıcı görünmür. Çünki bu, daxildəki narazılığı daha da artıra bilmir. Onsuz da daxili ictimaiyyət arasında müharibə əleyhinə etiraz hər ötən gün artır. Narazılıqların daha da şiddətlənməsi hakimiyyət üçün ciddi təhdidlərlə nəticələnə bilər”.