“Qarşıda bizi İranla bağlı hadisələr və onların dərinləşərək hərbi münaqişəyə keçməsi kimi daha ciddi bir təhlükə gözləyir”.
Bu sözləri Rusiyanın Ukraynada başlatdığı işğalçı müharibənin təsirlərini şərh edən sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov İnterpress.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynada başlatdığı işğalçı müharibənin nə vaxt bitəcəyi müəyyən deyil. Dünya birliyi, Amerika Birləşmiş Ştatları başda olamaqla, mümkün olan bütün rıçaqlardan istifadə edərək Rusiya ətrafında nəfəsliyi getdikcə daha da daraltmaqdadır:
“Rusiyanın müqavimət imkanları tükəndikcə, onun dünya birliyinə və müharibə başlatdığı Ukraynaya qarşı aqressiyası da artır. Bu gün Rusiyadan imkanı olan hər kəs qaçır. Rusların münbit qaçış yerlərindən biri də Azərbaycan və onun paytaxtı Bakıdır. Bakı onsuz da kifayət qədər yüklənmiş bir şəhərdir. Regionlarımızda iş yerləri tapa bilməyən insanlar artıq illərlədir ki, axın-axın Bakıya və onun ətraf yaşayış məntəqələrinə gəlirlər. Belə bir durumda Rusiyadan minlərlə miqrantın Bakıya gəlməsi vəziyyəti daha da ağırlaşdırır. Korrupsiya məngənəsində boğulan Rusiyadan bura qaçıb gələnlər ilk növbədə öz dövlətini çapıb talamış oğru məmur oliqarxlar və onların ailə üzvləridir. Onların Rusiyadan bura istədikləri məbləğdə pul gətirmələri də bu gün problem deyil. Bütün bunlar məsələnin bir tərəfidirsə, onun digər tərəfi isə onların burada müvəqqəti deyil, daimi yaşamaq və bu məqsədlə daşınmaz əmlak almaq istəkləridir.
Qarşıda bizi İranla bağlı hadisələr və onların dərinləşərək hərbi münaqişəyə keçməsi kimi daha ciddi bir təhlükə gözləyir. İranda 85 milyon insan yaşayır və bu əhalinin 60%-indən çoxu azərbaycan türkləridir. İrana hərbi müdaxilə olarsa, biz bu insanlara qapılarımızı bağlayacağıqmı? Xeyr, biz bunu edə bilməyəcəyik. Biz bunu ruslara qarşı etmək arzusunda olsaq da, öz qan qardaşlarımıza qarşı bunu edə bilməyəcəyik. Hökumət bu barədə ciddi düşünməlidir. Nə qədər ki, gec deyil, İrana qarşı başlayacaq hərbi müdaxilənin yarada biləcəyi humanitar fəlakətin qarşısının alınması yolları üzərində indidən baş sındırmaq lazımdır”.