“İndiki məqamda Ermənistanın danışıqlar prosesini dəyişmək cəhdi və ya prosesi ləngitməsi ciddi nəticələr doğura bilər”.
Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun 2022-ci ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransındakı çıxışını şərh edən politoloq Turan Rzayev İnterpress.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistan hazırda həm danışıqlar prosesini ləngidir, həm də 10 noyabr bəyanatının tələblərini icra etmir.
“Ceyhun Bayramovun toxunduğu məqamlardan biri son zamanlar xüsusilə aktuallaşan, özünü separatçıların lideri olaraq görən erməni milyarder Ruben Vardanyanla bağlı oldu. C.
Bayramov açıq şəkildə bildirdi ki, Azərbaycanın Ruben Vardanyanla təmasları heç vaxt olmayacaq. Lakin bu o demək deyil ki, Bakı Xankəndi ilə təmaslardan imtina edib. Ümumiyyətlə, belə təmaslar olmalıdır və Xankəndi erməniləri adından təmas qurulacaq şəxsi rəsmi Bakı özü müəyyənləşdirməlidir.
2023-cü ildə bu məsələnin detallarının ortaya çıxacağı, hətta lazımi siyasi şərait formalaşacağı təqdirdə Bakı təmasların qurulduğu şəxsi də açıqlaya bilər.
Digər tərəfdən, Bayramovun “Üçtərəfli Bəyanatda erməni silahlı birləşmələrin Qarabağdan çıxarılması qeyd olunub. Rusiyanın əsas mövqeyi ondan ibarətdir ki, bu, Ermənistanın öhdəliyidir. Rusiya arqument kimi Ermənistanın da üçtərəfli sənədə imza atmasını göstərir” sözləri də diqqət çəkir. Aydın məsələdir ki, Rusiya bu silahlıların bölgədə qalmasında maraqlıdır. Çünki erməni silahlı birləşmələrinin regionda qalması Kremlin Bakıya qarşı təzyiq etməsinə imkan verir. Silahlı dəstələrin silah-sursatla təmin edilməsinə, döyüş postları qurmasına şərait yaradan da məhz sülhməramlılardır”.