“Türk dünyası dövlətlərinin birliyinin yaradılması türk aləminin bütün ziyalı, mütəfəkkir və türkün tarixini bilib gələcəyini düşünən insanların arzusudur. Türk dövlətlərinin siyasətçiləri əsrlərdir ki, bunun yollarını axtarırlar.
Dünyada belə birliklərin modelləri var. Hökmən deyil ki, türkdilli ölkələrin hamısı bir dövlətdə birləşsin. Yaxud Turan adlı bir imperatorluq yaransın. Söhbət ondan getmir”.
Bunu Bizim.Media ilə dialoq zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevin “Türk Şurası birləşmiş türk dünyası dövlətlərini yaratmağı hədəfləyir” sözlərinə rəy bildirən millət vəkili Sabir Rüstəmxanlı səsləndirdi.
Vətəndaş Həmrəyliyi Partiyasının liderinin fikrincə, burada söhbət qohum xalqların, eyni dildə danışan türklərin sahib olduğu müstəqil dövlətlərin birliyindən gedir:
“Avropa Birliyinə bənzər ittifaqın yaradılması ilə bir çox proseslər asanlaşacaq. Bu, yeni bir fikir deyil. Sözügedən birlik illər uzunu deyilən, hamımızın dəfələrlə yazdığımız, mediada yollarını açıqladığımız məqsəddir. Bu plan türkdilli dövlətlərin liderlərinin iradəsinə bağlıdır. Hər bir ölkə başçısı bu tip birliyin yaradılmasını arzulasa, heç kim buna mane ola bilməz”.
Türk dünyası dövlətlərinin birliyi yaradılsa, Avropa İttifaqı, MDB və s. birliklərin nüfuz dairəsi zəifləyə bilərmi? Çünki yeni birlik istər, istəməz bütün diqqəti özünə çəkəcək….
“Yox. Belə düşüncə, bu məqsədlə heç bir şey etmək lazım deyil. Ehtiyac da yoxdur. Çünki belə mövqe ilə özünə dərhal düşmən qazanmnış olursan”.
“Özünü inkişaf etdirmək yox, başqasını gücdən salmaq niyyəti problemlər yaradır”.
“Əksinə, biz dünya düzənini nizamlamaq, sülh və əmin-amanlıq gətirmək üçün türk dövlətlərinin birliyini arzulamalıyıq. Dünyada qloballaşmadan danışılır. Kürəsəlləşmə müxtəlif dövlətlərin yaxınlaşması, savaş və konfliktlərin qarşısının alınmasıdır”.
Türk Birliyi də Avrasiya məkanında sülhü möhkəmləndirə, dünyanın inkişafına təkan verə bilər. Məsələyə bu cür baxmalıyıq”,- deyə Sabir Rüstəmxanlı fikirini tamamladı.
İnterpress.az