Dilimizdə əsirdir
həqiqətin ər sözü,
Ürək pıçıldayır, döz,
açıb tökmə hər sözü!
Düşmən meydan sulayır –
silaha döndər sözü!
Öz içində sorğunun,
vaxtı yetməyib hələ,
İkinci cəbhə açma,
savaş bitməyib hələ!
Ürəyim bu əmriylə
nizamlayır hər işi,
Bu bir könül harayı,
vətəndaş göstərişi.
Səbr, dözüm, ədalət –
müdriklərin vərdişi
Ölüm deyil hər acı,
hər qışın baharı var,
Keçib gedər bu dərdlər,
zülümlər, ayrılıqlar…
Ucalmaq düzlüklədir,
qoy niyyətin düz olsun.
Halal süfrələrində
çörək olsun, duz olsun,
Vətəndaşın Tanrıya
sevgisi sonsuz olsun!
Dağlar halını pozmaz
şimşəklərin səsindən.
Millət yaxşını-pisi
bişirər kürəsində.
Ağız açıb dörd yandan
yüz uçurum, yüz tələ.
Sabahkı günü düşün,
Savaş bitməyib hələ!
Ədalətli bir dava
durdurar nahaq qanı.
Savaş tarix önündə
bir namus imtahanı.
Savaş – ruhun sınağı,
kişiliyin meydanı.
Ədalətsiz dünyaya
haqq qandırmaq zamanı.
Ağıllıdır Dəlidağ,
sirr açmaz qutsal yazı.
Daşa dönüb qorunur
türkün susmaq avazı.
Son sözünü deməyib
nə qılıncı, nə sazı,
Axır tarix çayları,
hər üsyan bir şəlalə.
Dinlə, dağlar deyəni,
Savaş bitməyib hələ!
***
Küçələrdən keçirəm,
millətim kef-damaqda.
Başqa qayğısı yoxdur
oxuyub oynamaqdan.
Şadlıq deyilməz buna,
bezdik yalan soraqdan,
Çatmır kar qulaqlara
yurdların haray səsi.
Sızlatmır ürəkləri
“Qarabağ şikəstəsi”…
Ey vətəndaş! Silkələn!
Başını qaldır yerdən.
Bu gün xəbər tutdunmu
Laçından, Kəlbəcərdən?
Sözünlə üfürdünmü
küllənmiş ocaqları?
Övladın öyrəndimi,
sevdimi o dağları?
Dünən Cıdır düzündə
gördünmü o “Yallı”nı?
Niyə vulkana dönüb
püskürmədi al qanın?!
Yerindən dikəldinmi
“Çahargah”ın ziliylə,
Dağdan enib gəldinmi
baharın gur seliylə?
Bülbülün nəğməsindən
külünəcən yandınmı?
“Uvertüra” çalındı,
yuxudan oyandınmı?
Niyə səsin qısılıb,
damarında donub qan?
Yurdun xilası varmı
Yurd üçün vuruşmasan?
***
Vətən əsir, yaralı,
biz də bir yara vuran
İtən yurdlar adına
dükan, meyxana quran.
“Gedək “Laçın yolu”na,
kababxana yan-yana.
“Ağdam”da yeyib-içək,
baş çəkək “Zəngilana…”
“Bərgüşad” əl altında,
Bakıdan axır Tərtər.
İtən kəndinin adı
bir barda qalsa yetər!
Qeyrət, şüur, heysiyyət
pulun əlində kölə.
Pullara da həkk edək:
“Savaş birməyib hələ!”.
Ağır ellər, mahallar
hamısı Abşeronda.
Sahilimiz şor göllər,
yaylamız Qobustanda.
Zirvələrdə doğulan,
Muğan gəzir, Mil gəzir
Sarayları dağılan.
bir uçuq mənzil gəzir
Vulkan külü üstündə
hərəyə bir daş qəfəs.
Boz təpə dağ yerinə,
neft gölü çaya əvəz.
Qaldımı Qarabağa
yas saxlayıb ağlayan?
Tarın dilində ağı,
sazın dilində tufan…
Zirvənin qarı çəkmir
çadırda doğulanı.
Araz adlı dərdi yox
dərdində boğulanın.
Evlərimiz talanıb,
qəbiristanlar şumlanmış.
Nədən dilin quruyub,
nədən ağzın mumlanmış?
Ekranda şit diringi,
ya uyudan əyləncə.
Hardadır “Cəngi” dərsi
yol göstərə hər gəncə?!
***
Xalqın qulağı dolub
sülh, atəşkəs sözündən
Yalançı ümidlərdən,
“danışıq” hiyləsindən.
Sülh çiçəyi dibçəkdə…
ATƏT-in ofisində
Saralır yavaş-yavaş
azadlıq həvəsində.
BMT qətnaməsi
quru sözdür, quru söz!
Millətlərin ayaqda
toz olan qüruru-söz!
Bakıdan İrəvana
kədirbazlıq eləyən,
Bu qədər boş vədəsi
yenə azlıq eləyən
Düşmənin dilmancıykən,
həm də araçı olub.
İkili danışmaqdan
dilləri haça olub.
Təkrar – köhnə nağıllar,
təkrar – sıfır nöqtəsi.
Minsk qrupu bizə,
Avropanın tələsi!
Bir milyon qaçqınımın
duz səpib yarasına
Bütün dünya oynayır
köhnə çar havasına…
***
Qaçqın, köçkün, didərgin!
Yurda sevgin qalırmı?
Qisas üçün qətiyyət,
düşmənə kin qalırmı?
Bilirsənmi nə demək,
Şuşa, Laçın cənnəti?
İlahinin bizlərə
İstisu mərhəməti?
Qəlbini sızladırmı
Salvartıdan əsən yel?
Ala göllər üstündə
yetim yazı, yetim dil.
Bakıda, Sumqayıtda
nə qədər kök atsan da
Qalib gəlib yuxunda
öz arzuna çatsan da
Şəhid ruhu didərgin
barışmaz bu hal ilə.
Qazilər intizarda:
Savaş bitməyib hələ!
…Sən ey ilkəl düşüncə,
qəbilə təfəkkürü,
Xəzəri çəpərləyən,
tordan keçirən Kürü.
Qoruqlayan qışlağı
dağda yaylaqçı olan,
Avropada ateist,
Məkkədə Hacı olan.
Sizi də silkələyər
bir yerüstü zəlzələ,
Savaş bitməmiş hələ!
Ey yurdumun dərdiylə
dilimdə yanan ahım!
Hədəfim ola-ola
ey pas atan silahım!
Namərdə fürsət verib
məni əzən Allahım!
Bəlkə bir təqsirim var,
söylə, nədir günahım?
Bəlkə yol yorğunuyam,
bəlkə etiqadım az,
Qızıl deyil, neft deyil,
Qarabağım satılmaz!
…Ruhu əsir düşənin
sərvəti də dəyərsiz
Nəfsinə yenilənin
qeyrəti də dəyərsiz.
Hər rayonum gedəndə
qoşdunuz yeni dastan.
Gülüstanım viranə
evləriniz gülüstan…
Əyildi dağ qüruru
kölə nəfsi önündə,
Kiminsə kürsülərdə
qazanc güdən günündə.
Dağdan qopan görsün ki,
dağdan böyük dağ da var.
Güvəndiyi vətəndə
səfil yaşamaq da var.
Dilimə, keçmişimə
neçə yamaq vuraraq
Moskva layihəsi
bir tarix uyduraraq
Tanrıma, inancıma,
Qurduma əl atdınız.
Satqınlarla doldurub
Ordumu aldatdınız.
Bir milyon könlüqırıq…
siz də qırmaq ustası.
Özünə quyu qazıb,
yara vurmaq ustası.
Yad qan, sərvət, satqınlıq,
riyakarlıq əl-ələ.
Ancaq unudursunuz:
Savaş bitməyib hələ!
Millət əsgər deyəndə
“qaçaq” ruhunu yayma!
Oğluma, uşağıma
qorxaq ruhunu yayma!
Olmasaydı Bakının
o kürsü oyunları,
O yaltaq tülküləri.
o nökər qoyunları
Karvan-karvan maşınla
eli eldən qoparan.
Sinəmi səngərimdən,
əli əldən qoparan
Biz elə boş əllə də
verməzdik yağıya can…
***
Alim qardaş, ömrünü
həsr etdiyin o yalan
Silinib gedəcəkdir
zərli kitablarından.
Nədən “yeni” düşüncən
seçilmir köhnə çağdan.
Yorulmadın millətə
saxta tarix yazmaqdan.
İdeya uydurmaqdan.
Bilmirsənmi sözünlə
özünə quyu qazdın
Bir yalanı erməni,
birini də sən yazdın…
Unutmasın sözümü
ədalətdən əl üzən.
Xoşbəxtliyi qaçmaqda,
yolu qurbətdə gəzən.
Yenə kasıb döyülür,
günahkar yenə millət.
Quldur çələng taxanda,
qara geyir məmləkət…
Xalq işində, gücündə,
nökər gedən xan gəlir.
Neçə soyad dəyişib
düşməndən olan gəlir.
Boş qazan danqıldayır –
ortada çömçə-qaşıq.
Elin yolunu əyir
qanı başdan qarışıq.
Bu taleyin oyunu –
nəbzimi ölçür hələ.
Şükür qaynayır qanım,
Savaş bitməyib hələ!
Hanı qələm dostlarım,
ömrü boyu qəm çəkən,
Qəzəbdən ümidin də
üstündən qələm çəkən.
Vətəndən yaza-yaza
vətəndə qərib olan,
Nə evi, nə iş yeri…
hava ilə dolanan.
Dözümlüsü Don Kixot,
zəifi sınıb gedən
Öz dərdinə əriyib.
oduna yanıb gedən.
Bəzisi də yuxulu,
gözlərini tutub tor,
Onunçün dünya qara,
bütün adamlar nankor.
Siyasətdən yan qaçan
fikri içinə dönük.
Düşüncəsi keyimiş,
ürəyi çoxdan sönük.
Təzə bir dəb görüncə
qoşma, dastan bəyənməz,
Özümüzün olanı
oxumadan bəyənməz!
Avropa əli uzun –
Aya, Marsa yetişər.
Ancaq yenə yaramız
bitişər öz əlinlə,
otunla, məlhəminlə.
Öz atanın sözüylə,
öz ananın sözüylə.
Başına halə kimi
fırlananın sözüylə.
Nəsiminin, Vaqifin,
Ələsgərin sözüylə,
Şuşaya bayraq taxan
İlk əsgərin sözüylə!
***
Oxucum, sən inanma
vədlərə, yalana
Xalqın təmiz adını
bazara çıxarana…
Var-dövlət bərəkətdir,
harınlığa dönməsə…
Bəzək göz oxşayardı
astarı görünməsə…
Uçurub yelə verdin
neçə fürsəti, getdi.
Bu qəhrəman millətə
qorxunu kim öyrətdi?
İşğala, bölünməyə,
dözməyi kim öyrətdi…
Oyan, sıyrıl səbrindən!
Vaxt gözləmir, vaxt uçur,
Barı indi silkələn, indi ayılsın başın,
Başlansın tarixinin ölüm-dirim savaşı!..
30-31 iyul, 2019