“Sığortaçılar sığorta təminatı üzrə xərclərdən qanunsuz yolla yayınmağa, xərclərini azaltmağa cəhd edirlər”.
Kiçik mühərrikli minik avtomobilləri ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə yaranan problem yenidən aktualdır. Sığortaçılar hesab edirlər ki, belə avtomobillər daha çox sürülür və daha tez-tez yol-nəqliyyat hadisələrinə düşürlər. Kiçik sığorta haqqı müqabilində sığorta təminatı verməli olacaqlarını və zərərə düşəcəklərini ehtimal edən sığortaçılar belə avtomobillərlə bağlı mülki məsuliyyətin icbari sığortasından qanunsuz olaraq yayınırlar.
Mövzu ilə bağlı nəqliyyat ekseprti Ərşad Hüseynov İnterpress.az-a açıqlamasında bildirib ki, bu hal neqativ və yolverilməz yanaşmadır:
“”İcbari sığortalar haqqında” Qanunun 3.1.3-ci maddəsində icbari sığortanın prinsipləri olaraq sığorta hadisələrinə səbəb olan halların qarşısının alınmasının stimullaşdırılması məsələsinə toxunulub. Qanunun 12.2-ci və 26-cı maddələrində isə bu prinsip rəhbər tutularaq qarşısıalınmaz tədbirləri fondunun yaradılması nəzərdə tutulur. Hər bir ayrıca sığorta növü üzrə daxil olan icbari sığorta haqlarının 1 faizi həmin fonda keçirilməlidir. Bu fondun vəsaiti isə maliyyə bazarlarına nəzarət orqanı olan Mərkəzi Bankın müəyyən etdiyi təyinatlara uyğun olaraq həmin sığorta növü üzrə qarşısıalınma tədbirlərinə sərf olunmalıdır. Bu iş nəinki sığortaçılara, həm də bütövlükdə cəmiyyətimizə çox lazımdır. Çünki söhbət yol-nəqliyyat hadisələrinin azaldılmasından, deməli, yollarda ölənlərin və xəsarət alanların azalmasından, cəmiyyətimizə və ayrı-ayrı fərdlərə vurulan yüz milyonlarla ziyanın azalmasından gedir.
Ümumiyyətlə, avtomobilləşmiş və sığorta sistemi normal olan ölkələrdə sığortaçılar YHT-nin təmin edilməsində əsas oyunçulardan biridir. Bu ölkələrdə sığortaçılar dövlətin YHT-ni idarəetmə sisteminin qurulmasında və səmərəli fəaliyyətində çox mühüm rol oynayır, bu istiqamətdə hökumətin və parlamentin zəruri qərarlar qəbul etməsi üçün ciddi təşəbbüslər göstərir və s. Onların bu işi YHT-nin bütün elementlərini – sürücü hazırlığı və sürücü olma prosesini, nəqliyyat parkının texniki vəziyyətini və ona nəzarəti, hətta qəzalarda xəsarət alanlara vaxtında təcili tibbbi yardım göstərilməsini əhatə edir. Təəssüf ki, ölkəmizdə hələlik sığortaçıların YHT-dəki problemləri qabartmasını, onların həlli istiqamətində təşəbbüslər göstərməsini eşitməmişəm.
Məlumat üçün bildirirəm ki, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə toplanan vəsaitlərin illik həcmi təxminən 100 milyon manat civarındadır. 1 oktyabr 2022-ci il tarixdən sonra sığorta haqları artdığından bu məbləğ bir qədər də artacaq. Həmin vəsaitin 1 %-i, yəni 1 milyon manat pulla cox ciddi işlər görmək olar”.