Sosial Xidmətlər Agentliyi 2022-ci ildə yeni sosial xidmət layihələrinə başlayacaq – Videobackend

Sosial Xidmətlər Agentliyi 2022-ci ildə yeni sosial xidmət layihələrinə başlayacaq – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Agentlikdə görülən işlərə və qarşıda duran hədəflərə dair mətbuat konfransı keçirilib, Qayğı Çağrı Mərkəzinin təqdimatı olub.

 Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhid ailələri və müharibə əlillərinə 2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 3 minədək mənzilin verilməsi proqramı icra edilib. Bunu Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentlikdə 2021-ci ilin yekunlarına və qarşıda duran hədəflərə həsr olunan mətbuat konfransında bildirib.

O qeyd edib ki, Nazirlik tərəfindən 2018-ci ildə 626 ədəd, 2019-cu ildə bundan 50% çox olmaqla 934 ədəd, 2020-ci ildə əvvəlki ilə nisbətən 70% çox, yəni 1572 mənzil/fərdi ev şəhid ailələrinə və müharibə əlillərinə verilib. Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi evin şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilməsi nəzərdə tutulub. İndiyədək isə 12300 şəhid ailəsi və müharibə əlilinə mənzil və fərdi ev təqdim edilib.

Keçən il mənzillə təmin edilən şəxslərdən 83 nəfəri Vətən Müharibəsi Qəhrəmanı, eləcə də şəhid olmuş Vətən Müharibəsi Qəhrəmanlarının ailə üzvləridir. Bununla yanaşı, ötən il 271 Çernobıl əlili, dövlət uşaq müəssisələrinin 203 məzunu, 275 nəfər gözdən əlilliyi olan şəxs də mənzillə təmin olunub.

V.Behbudov bildirib ki, 2021-ci ildə 164 nəfər Vətən müharibəsi əlili minik avtomobili ilə təmin edilib. Ümumilikdə isə ötən dövrdə 7400 avtomobil qeyd olunan kateqoriyadan olan vətəndaşlarımıza təqdim edilib.

2021-ci il ərzində şəhid ailələrinin üzvləri, Vətən müharibəsi əlilləri, əlilliyi olan digər şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar da daxil olmaqla 4455 şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib.

Ötən il 8834 vətəndaşa evdə sosial-məişət xidməti göstərilib ki, onlardan 7333-ü ahıl, 1501-i 70 yaşdan aşağı olan, tənha yaşayan şəxslər olub. Hazırda 3885-i qadın, 1056-sı kişi olmaqla 4941 tənha ahıl və ya əlilliyi olan şəxsə evdə, Agentliyin 13 müəssisəsi üzrə 1430 şəxsə stasionar şəraitdə sosial-məişət xidməti, eləcə də 6 yaşadək olan 74 uşağa səyyar sosial reabilitasiya xidməti göstərilir.

Peşə-əmək Reabilitasiyası Mərkəzinin bu il Xaçmaz rayonunda filialı da fəaliyyətə başlayacaq. Burada əlilliyi olan şəxslərə peşə-əmək reabilitasiyası və bir sıra reabilitasiya xidmətləri göstəriləcək.

2021-ci ildə İraq və Suriyadan repatriasiya olunmuş 81 vətəndaşımızdan 49-u Agentliyin sosial xidmət müəssisəsinə yerləşdirilib. Sosial işçilər onlarla psixo-sosial reabilitasiya işlərini davam etdirir.

2022-ci üzrə planları açıqlayan Vüqar Behbudov bildirib ki, həmçinin baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası üzrə Füzuli rayonunda yeni mərkəz istifadəyə veriləcək, eyni zamanda bütün stasionar sosial xidmət müəssisələrində peşə-əmək reabilitasiyası kabinetləri yaradılacaq.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində 2 günərzi xidmət qrupunun, eyni zamanda ahıl şəxslər üçün sosial xidmət müəssisəsində günərzi qayğı xidmətinin yaradılması nəzərdə tutulub.

Sonra Agentliyin təqdim etdiyi sosial xidmətlər, o cümlədən məişət zorakılığı halları və çətin həyat şəraitində olan uşaqlarla bağlı, habelə onlayn-psixoloji dəstəyin göstərilməsi ilə əlaqədar müraciətlərin cavablandırılması üçün nəzərdə tutulan Qayğı Çağrı Mərkəzinin (116 123) təqdimatı olub.

Bu gündən vətəndaşlar Qayğı Çağrı Mərkəzinə, yəni 116 123 nömrəsinə zəng edərək Agentliyin təqdim etdiyi sosial xidmətlərdən yararlana, habelə bu xidmətlərlə bağlı məlumatlar əldə edə bilərlər.