Tailandda küçə yeməyindən zəhərlənən turist ölümün astanasından qayıdıb.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Moskvadan Tailandın məşhur “Walking street” küçəsinə gələn Dmitri adlı rusiyalı turist həyat yoldaşı ilə küçə satıcısından aldığı acı qabırğa kababını yedikdən sonra ağır zəhərlənib.
Yeməkdən az sonra onda kəskin qusma, ishal və qıcolmalar başlayıb. Bir neçə gün özünü evdən gətirdiyi dərmanlarla müalicə etməyə çalışan kişinin vəziyyəti pisləşdikdən sonra o, yerli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanada Dmitrinin ürəyi dayanıb və tailandlı həkimlər onu bir saat ərzində gərgin reanimasiya tədbirləri ilə yenidən həyata qaytara biliblər.
Uzun müddət süni nəfəs aparatına qoşulu qalan turist hazırda özünə gəlsə də, onda kəskin yaddaş və zehni geriləmə problemləri yaranıb.
MRT müayinəsi beyində birbaşa struktur zədələnməsi aşkarlamasa da, onun uzunmüddətli reabilitasiyaya ehtiyacı var.
Zərərçəkən yalnız həkim müşayiəti ilə vətəninə uça bilər və hazırda sığorta şirkəti onun daşınmasını əlaqələndirir.
Moskvada fövqəladə hallar üzrə müstəqil ekspert kimi çalışan Dmitrinin gələcək peşəkar karyerası isə hazırda böyük sual altındadır.
Xuraman Etibarlı
İnterpress.аz






