Tramp Si Cinpinlə danışıqlar üçün Çinə uçub.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp Endryus hərbi bazasından Çinə yola düşüb. Səfər çərçivəsində onun Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşəcəyi gözlənilir.
Amerika mediasının məlumatına görə, tərəflər ticarət münasibətləri, İran ətrafındakı vəziyyət və Tayvan məsələsini müzakirə edəcəklər.
Uçuşdan əvvəl jurnalistlərə açıqlama verən Tramp Si Cinpinlə İran münaqişəsini ətraflı müzakirə edəcəyini bildirib.
“Biz bu barədə uzun-uzadı danışacağıq”, – deyə o, Yaxın Şərqdəki vəziyyəti şərh edərkən vurğulayıb. Eyni zamanda ABŞ prezidenti Vaşinqtonun İran məsələsində Çinin köməyinə ehtiyacı olmadığını vurğulayıb. “Biz dinc və ya digər yollarla qələbə qazanacağıq”, – deyən Tramp, “İranın hərbi maşınının hər bir elementinin məhv edildiyini” iddia edib.
Qeyd edək ki, bu, Trampın 2017-ci ildəki səfərindən sonra Pekinə ilk rəsmi səfəridir.
Görüşün nəticələrinin qlobal siyasi arenada, xüsusilə Yaxın Şərq və Sakit okean regionundakı gərginliyə ciddi təsir göstərəcəyi proqnozlaşdırılır.
Xuraman Etibarlı
İnterpress.az






