Türkiyənin Gürcüstandakı fövqaladə və səlahiyyətli səfiri Fatma Ceren Yazqan Marneulidə “Ataholding”in akt zalında “Aktual Media” – Aktual.ge xəbər portalının başlatdığı “Jurnalistika Kursu”nun iştirakçılarına seminar keçib.
Aktual.ge-nin verdiyi xəbərə görə, diplomat kursun təşkilatçısı, “Aktual Media” – Aktual.ge xəbər portalının baş direktoru İlkin Hüseynov ilə birgə GAİM tərəfindən 27 Sentyabr Azərbaycan anım günü münasibətilə “Ataholding”in foyesinde Vətən müharibəsinə aid açılmış sərgini ziyarət edib və şəhidlərinə ruhuna dualar edib.
Sözügedən medianın baş direktoru, kursun iştirakçıları ilə görüşə gəldiyinə görə Türkiyə səfirinə təşəkkür edib.
Seminara başlamazdan əvvəl İ.Hüseynov 27 Sentyabr Gürcüstanın işğal altında olan Suxumi şəhərinin süqutunun 28-ci ildönümündən söz açıb və Abxaziya müharibəsində həlak olanların eləcə də, 27 Sentyabr Azərbaycan anım günü münasibətilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərə, eləcə də bütün şəhidlərə dərin ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükuta dəvət edib.
1 dəqiqəlik sükutun ardından başlayan seminarda F.C.Yazqan gənclərlə tanış olub, kurs barəsində məlumat alıb və Türkiyə-Gürcüstan eləcə də, Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrinin hər keçən bütün sahələrdə inkişaf etdiyindən danışıb.
Türk səfir kursda təhsil alan gənclərə xüsusi ilə beynəlxalq münasibətlər, xarici siyasət, siyasi, iqtisadi, humanitar mövzulardan danışıb və bu kimi məsələlərdə medianın rolunun mühüm olduğunu qeyd edib.
F.C.Yazqan medialarda Türkiyə və Azərbaycan haqqında yayılan dezinformasiyalara diqqət çəkib:
“Biz ötən ilin bu günlərini yaxşı xatırlayırıq, mediada nə yalanlar, dezinformasiyalar tirajlandığı da çox yaxşı yaddaşlarımızdadır. Ki, bu gündə bunlar davam edir. Vətən müharibəsi dövründə xarici müxtəlif KİV-i elə dezinformasiyalar yayırdı ki, güya Azərbaycan öz torpaqlarında deyil də, başqa bir ölkənin ərazisində savaşır. O cümlədən Türkiyə bir sıra dezinformasiyalar məruz qalır, bu yalan-yalnış xəbərlər sadəcə indi deyil tarixən Türkiyə bunlara məruz qalıb. Jurnalist odur ki, qələmini satmaya, yalan xəbər yaymaya. Biz Türkiyədə çox görmüşük ki, liberallıq adı altında bəzi yazarlar, media mənsubları eləcə də, medialar yalan xəbərlər yayınlayırlar”.
Diplomat eləcə də, kursun iştirakçılarını maraqlandıran suallara, onları maraqlandıran məsələlərə aydınlıq gətirib və gənclər ilə bir sıra müxtəlif mövzularda müzakirələr aparıb.
F.C.Yazqan gəncləri Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları İdarəsinin (YTB) stipendiyasından yararlanaraq Türkiyədə təhsil almağa dəvət edib.
Səfir sonda isə dəvət üçün təşəkkür edib və “Aktual Media”nın fəaliyyətini eləcə də, “Jurnalistika Kursu”nu yüksək qiymətləndirdiyini ifadə edib.
Seminara Aktual.ge xəbər portalının əməkdaşları, könüllüləri və sözügedən kursun təlimçilərindən biri Ceyhun Məhəmmədəli qatılıb.